Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ADİU-da Texnologiya Transfer Mərkəzi yaradılıb
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Texnologiya Transfer Mərkəzi yaradılıb.
Universitetdən verilən məlumata görə, Texnologiya Transfer Mərkəzinin (TTM) yaradılmasının əsas məqsədi ADİU-nun innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, universitet ilə biznes qurumları arasında səmərəli qarşılıqlı əlaqələrin yaradılması və universitet əməkdaşlarının apardığı elmi tədqiqatlardan əldə olunan nəticələrin transferinin təmin edilməsidir.
ADİU-nin Texnologiya Transfer Mərkəzinin fəaliyyəti iki istiqamət üzrə inkişaf etdiriləcək: universitetdaxili və ölkə səviyyəsində.
TTM universitetin əməkdaşları tərəfindən əqli yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi, əqli mülkiyyətin qiymətləndirilməsi və hüquqi baxımdan mühafizəsi, o cümlədən konsaltinq, patentləşmə və patent tədqiqatlarına tam dəstək verilməsi; ölkədə universitetlər arası biliklər və texnologiya transfer prosesinin təmin edilməsi və hüquqi cəhətdən rəsmiləşdirilməsi (lisenziyalaşdırma müqavilələri və s.), elmi-texnoloji sahibkarlıq fəaliyyəti üçün kadrların təlimi və ixtisasartırması və s. vəzifələri icra edəcək.
Qeyd edək ki, hal-hazırda Avropa ölkələrində 1400-dən çox texnologiya transfer idarələri fəaliyyət göstərir. ADİU-da yaradılan mərkəz Azərbaycanda birinci Texnologiya Transfer Mərkəzidir. Belə mərkəzlər konsultativ və kommersiyalaşdırma təşkilatı hesab edilir və əvvəlcədən universitetdaxili bir qurum olsa da, gələcəkdə mərkəzin regional və beynəlxalq status əldə edəcəyi nəzərdə tutulur.
CAHANGİR
30/09/14 Çap et