Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AICT-2014”-də İTİ əməkdaşları “İnnovativ strukturların idarə olunması üzrə informasiya təminatının işlənilməsi” mövzusunda çıxış edəcəklər
AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və böyük elmi işçisi Roza Şahverdiyeva Qazaxıstanın Astana şəhərində keçiriləcək İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 8-ci Beynəlxalq Konfransda (“Application of Information and Communication Technologies” - AICT-2014) elmi məruzə ilə çıxış etmək üçün dəvət alıblar.
İTİ-dən bildirilib ki, cari il oktyabrın 15-dən 17-dək davam edəcək tədbirdə institut əməkdaşlarının həmmüəllifi olduqları “İnnovativ strukturların idarə olunması üzrə informasiya təminatının işlənilməsi” (Development of information support systems for management of innovative structures) mövzusunda məruzə ilə çıxış edəcəkləri gözlənilir.
Qeyd edək ki, konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir. Bu baxımdan tədbirə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları dəvət edilir. Təşkilat Komitəsindən bildirilib ki, “AICT-2014” adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq.
Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti, Qafqaz Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, İnformasiya Təhlükəsizliyi və Kriptologiya İnstitutunun təşkilatçılığı, “IEEE” - Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçiriləcək tədbirdə cari ildə əsas diqqət informasiya təhlükəsizliyinə veriləcək. Ümumilikdə isə “AICT-2014” Beynəlxalq Konfransının tematik mövzularına 80-nə qədər istiqamət daxildir. Tədbir işini “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son tendensiyalar, nailiyyətlər”, “Böyük verilənlərin idarəsi və tətbiqi”, “Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” bölmələri üzrə aparacaq. Amma konfransın mövzuları yalnız bu sahələrlə məhdudlaşmır. “AICT-2014” konfransı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Bunların sırasında “9-cu Beynəlxalq İnformasiya Təhlükəsizliyi Tədqiqat Konsorsium (IISRC) Konfransı”, “İnformasiya Cəmiyyəti üzrə 2-ci elmi-praktik konfrans”, “27-ci Kompüter Mühəndisliyi Bölmələri Müdirləri Beynəlxalq Sammiti”ni qeyd etmək olar. Hesab edilir ki, “AICT-2014” İKT sahəsindəki nailiyyətlərin daha da artmasına xidmət edəcək.
Qeyd edək ki, “AICT-2013” konfransı 23-25 oktyabr tarixlərində Bakıda keçirilib. Beynəlxalq konfransa Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, “IEEE” Azərbaycan bölməsi, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu tərəfindən texniki dəstək verilib.
Həqiqət İSABALAYEVA
30/09/14 Çap et