Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Can Azerbaycan” kanalı 1 oktyabrdan etibarən "Azerspace-1" üzərindən yayımlanacaq
"Azərkosmos" ASC ilə Türkiyənin "Mediathink" şirkəti "Can Azerbaycan" televiziya kanalının "Azerspace-1" peyki üzərindən yayımlanmasına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, kanal 1 oktyabr 2014-cü il tarixindən etibarən efirə çıxacaq.
"Mediathink" şirkətinin müdiri Namik Kemal Yıldırım bildirib ki, gələcəkdə nəzərdə tutulan ən mühüm layihə Azərbaycan musiqisi, mədəniyyəti və tarixini "Can Azerbaycan" kanalı vasitəsilə həm Türkiyədə, həm də dünyada yaşayan azərbaycanlılara çatdırmaqdır. O, imzalanmış müqavilədən məmnun olduğunu vurğulayaraq, kanalın iki dövlət, bir millət prinsipi ilə fəaliyyət göstərəcəyini qeyd edib.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
30/09/14 Çap et