Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Horizon 2020-də İKT” Məlumat günü keçiriləcək
Bu il noyabrın 13-də AMEA-nın Əsas binasında Avropa Birliyi Komissiyası, AMEA və Azərbaycan təşkilatlarının iştirak etdiyi Avropa layihələrinin dəstəyi ilə “HORİZON 2020-də İKT” Məlumat günü keçiriləcək.
Tədbirdə Avropa Komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İKT təşkilatlarının ekspertləri, təhsil, elmi tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak edəcəklər.
Onlara “HORİZON 2020”-nin İKT proqramları və layihələrində iştiraketmə qaydaları barədə məlumat veriləcək. Bundan əlavə, noyabrın 11-də “Kempinski hotel”, Badamdarda “IncoNet EaP”, “EECA-2-HORIZON” və “EAST-HORIZON” layihələrinin növbəti iclasları və birgə klaster iclası keçiriləcək. Akademiyadan verilən məlumata görə, noyabrın 12-də Avropanın Texnoloji Platformaları (ETP) və elmi tədqiqat şəbəkələri ilə əlaqələrin qurulması və dəstəklənməsinə dair iclas, noyabrın 14-də isə “EAST-HORIZON” layihəsinin Azərbaycan tədqiqatçıları üçün “HORİZON 2020” Çərçivə Proqramında iştirak etmək qaydalarına dair təlimin keçirilməsi planlaşdırılır.
Tədbirlərdə Almaniya, Avstriya, İtaliya, Fransa, Macarıstan, Portuqaliya, Estoniya, Türkiyə, Polşa, Yunanıstan, İsrail, Rusiya, Belarus, Moldova, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan 60 tədqiqatçının iştirakı nəzərdə tutulub.
Həqiqət İSABALAYEVA
30/09/14 Çap et