Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan şəbəkə administratorları kibertəhdidlərlə mübarizə məsələlərinə həsr olunmuş NATO-nun təlimində iştirak ediblər


Azərbaycan dövlət qurumlarının və Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin şəbəkə və sistem administratorları Azərbaycanla NATO arasında əməkdaşlıq çərçivəsində Ankarada Yaxın Şərq Texniki Universiteti (ODTÜ) İnformatika İnstitutu tərəfindən təşkil olunmuş kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı təlimdə iştirak ediblər.
 
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, təlim proqramı nəzəri sessiya və kriptoqrafiya, veb aplikeyşenlərin müdafiəsinin və qiymətləndirilməsinin aparılması, kibertəhlükəsizliyin monitorinqi kimi kibertəhlükəsizliyin təmin edilməsində əsas aspektlərin öyrənilməsi və praktiki laboratoriya təlimlərinin keçirilməsini daxil edib.
 
“Kursantlar əməliyyat sistemlərini, istifadəçi hesabını və infrastrukturun müdafiəsinin necə təmin edilməli olduğunu öyrəndilər. Burada əldə etdiyimiz biliklər, şübhəsiz ki, ölkəmizin informasiya sistemlərini müdafiə etmək üçün bizim imkanlarımızı artırdı", Azərbaycan CERT-nin mühəndisi Rza Orucov bildirib.
 
ODTÜ İnformatika İnstitutunun direktoru professor Nazife Baykal öz növbəsində qeyd edib ki, kibertəhlükəsizlik və milli sistemlərin müdafiəsində müxtəlif tərəflər arasında beynəlxalq səviyyədə informasiyanı  bölüşməyin zəruri əhəmiyyət daşıdığını vurğulayıb.
 
Bu sahədə beynəlxalq əməkdaşlıq və informasiya mübadiləsi üzrə platformaların yaradılması, kibertəhdidlərin qlobal xarakterini nəzərə alaraq bu qeyri-ənənəvi təhlükəsizlik problemin qarşısının alınmasında vacibdir. Təlim iştirakçıları bu sahədə ümumi anlayışın formalaşdırılması, səmərəli təcrübələri bölüşmək və güclü tərəfdaşlıq və müdafiə mexanizmləri yaratmaq sahəsində bilikləri artırdıqlarını bildiriblər. Təlim həmçinin, NATO və Azərbaycan arasında praktiki əməkdaşlıq yaratmağa kömək edib.

Azərbaycan bu təlimdə iştirak edən beşinci ölkə olub. Əvvəlki kurslar Əfqanıstan, Makedoniya, Moldova, Çernoqoriya və Yuqoslaviya üçün keçirilib.
 
Kiberhücumlar yüz minlərlə kritik infrastruktur üçün real təhlükə yaradır və dünya iqtisadiyyatına dağıdıcı təsir göstərirlər. Hər il qeydə alınan yüzlərlə kiberhücumlar nəticəsində qlobal iqtisadiyyata milyardlarla dollar ziyan vurulur.
NATO-nun həyata keçirdiyi Sülh və Təhlükəsizlik Proqramı (SPS) şəbəkələrin dayanıqlığını möhkəmlətmək, təcrübə və texniki bilik əldə etmək üçün  böyük əhəmiyyət kəsb edir.
 
Aynur Vəliyeva




30/09/14    Çap et