Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da ilk dəfə smartfonlar üçün “casus” əlavələrin satılmasına görə ittiham irəli sürülüb


ABŞ-ın Virciniya ştatının hakimiyyəti 31 yaşlı pakistanlı Həmmad Əkbərə qarşı başqasının smartfonuna qeyri-qanuni müdaxiləyə imkan verən proqram təminatının satılmasına görə rəsmi ittiham irəli sürüb. Bazar ertəsi dərc edilən məhkəmə sənədlərində qeyd olunur ki, bu, ABŞ tarixində aparılan ilk belə məhkəmə istintaqıdır.
 
Pakistanın Lahor şəhərində yerləşən "InvoCode” şirkətinin rəhbəri olan H.Əkbər ötən həftə Los-Ancelesdə həbs olunub. ABŞ hakimiyyətinin məlumatına görə, o, dörd il ərzində mobil telefonlar üçün "Stealth Genie” adlı əlavənin reklamı və satılması ilə məşğul olub.
 
Qeyd olunur ki, bu proqram başqasının telefonuna quraşdırılmaqla ona qeyri-qanuni çıxışa, o cümlədən qurğuda aparılan danışıqları gizlicə dinləməyə, fotoşəkillərə və elektron təqvimdəki yazılara baxmağa imkan verir. “Stealth Genie” əlavəsi “Apple” və “Blackberry” şirkətlərinin smartfonlarına, eləcə də "Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara quraşdırıla bilər.
 
Həmçinin bildirilir ki, “Stealth Genie” əlavəsini alan insanlar proqramı başqasının telefonuna özləri quraşdırmalı idilər. Bunun üçün onlara həmin qurğunu bir neçə dəqiqəlik ələ keçirmək lazım olub. Bundan sonra onlar internetə çıxışı olan istənilən kompüterdən başqasının məlumatlarına baxmaq imkanı əldə ediblər.   
 
ABŞ hakimiyyət nümayəndələri vurğulayırlar ki, "InvoCode” alıcılarının 65 faizi həyat yoldaşlarının xəyanət etməsindən şübhələnən insanlar olub, - “İTAR-TASS” yazır.
 




01/10/14    Çap et