Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbəri Helen Klark: “Azərbaycan İKT-nin və yeniliklərin tətbiqi baxımından strateji düşüncəyə malikdir”
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) dəyişiklik üçün təşviqat aparır və ölkələri bilik, təcrübə və resurslar naminə birləşdirir. 170-dən çox ölkə və ərazidə fəaliyyət göstərən təşkilat iqtisadiyyatın şaxələndirilməsi, idarəçiliyin təkmilləşdirilməsi və ətraf mühitin yaxşılaşdırılması yolunda səylərin dəstəklənməsində Azərbaycan Hökuməti ilə də sıx əməkdaşlıq edir.
1992-ci ildən fəaliyyət göstərən BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi səmərəli idarəçilik və dayanıqlı inkişafın təşviqi, eləcə də gender bərabərliyi, münaqişədən sonrakı yenidənbərpa və fəlakətlərin azaldılması riskləri sahələrində təqdirəlayiq işlər görüb.
Təşkilatın ölkəmizdə əsas tərəfdaşlarından biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Qarşılıqlı maraq doğuran sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsi, eləcə də BMTİP arasında innovativ tərəfdaşlığın yeni imkanlarının tədqiq edilməsi məqsədilə Azərbaycanda səfərdə olmuş Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbəri Helen Klark nazirliklə əməkdaşlıq çərçivəsində aparılan işlərlə bağlı “Rabitə dünyası”nın suallarını cavablandırıb. Xanım Klark Azərbaycanda İKT-nin bugünkü inkişaf səviyyəsi, BMTİP ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr və gələcəkdə nəzərdə tutulan əməkdaşlıq məsələlərinin konkret istiqamətləri ilə bağlı fikirlərini paylaşıb.
Haşiyə: Helen Klark 2009-cu ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri təyin olunub və təşkilatın ilk qadın rəhbəridir. O, həmçinin inkişaf məsələləri ilə məşğul olan bütün BMT fond, proqram və departament rəhbərlərinin daxil olduğu Birləşmiş Millətlər Təşkilatı İnkişaf Qrupunun sədridir. BMTİP-dəki fəaliyyətindən öncə, Helen Klark 1999-2008-ci illər ərzində Yeni Zelandiyanın baş naziri vəzifəsində çalışıb. Helen Klark Yeni Zelandiyada baş nazir vəzifəsinə seçilən ilk qadın olub və bu vəzifəni ən uzun müddət tutan insanlar arasında ilk beşliyə daxildir. Helen Klarkın BMTİP-in rəhbəri vəzifəsində nüfuzunu nəzərə alaraq, “Forbes” jurnalı onu dünyanın 100 ən nüfuzlu qadınları siyahısına daxil edib və “Birləşmiş Millətlər Təşkilatında ən təsirli qadın” adına layiq görüb.
“Biz bu təşəbbüsləri bütövlüklə dəstəkləyirik”
Azərbaycan strateji məsələlər üzrə yeni genizolaqlı internetin inkişafı və rabitənin daha geniş əhatəsi ilə əlaqədar çox qabaqcıl bir mövqedədir. Ənənəvi olaraq, Azərbaycan Şərqlə Qərb arasında, Şimalla Cənub arasında bir rabitə rolu oynayıb. Bu ənənəvi rolun tədricən virtual məkana gətirilməsi və bu region üzrə müxtəlif layihələrin həyata keçirilməsi, sözsüz ki, təqdirəlayiq bir haldır, təqdirəlayiq təşəbbüslərdir. Biz Azərbaycanın bu təşəbbüsləri bütövlüklə dəstəkləyirik.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BMTİP üçün Azərbaycanda çox böyük bir tərəfdaşdır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BMTİP üçün Azərbaycanda əhəmiyyətli, çox böyük bir tərəfdaşdır. Bu əməkdaşlıq yalnız görüşlərlə məhdudlaşmır, gələcəkdə böyük miqyaslı beynəlxalq tərəfdaşlığa çevriləcək layihələrin də əsasını qoyur. Bildiyim qədər, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları istiqamətini öz inkişafı üçün əhəmiyyətli
sahə kimi seçib. Bununla əlaqədar öz təcrübəmizi xatırlayıram. Mən Yeni Zelandiyada baş nazir vəzifəsində çalışdığım dövrdə, biz də İKT-ni müxtəlif istiqamətlər üzrə fövqəlliyə malik, inkişafa dəstək verəcək bir sahə kimi təyin etmişdik. Eyni zamanda Azərbaycanla əməkdaşlığın bir hissəsi “Elektron hökumət”in yaradılması, müxtəlif sahələr üzrə elektron çıxışın əldə olunması olub. İKT Strategiyasının da əsas istiqamətlərindən biri məhz “Elektron hökumət”dir.
Azərbaycan genişzolaqlı xidmətlərin ölkə üzrə yayılmasını prioritet kimi gündəmdə saxlayır
Həmçinin keçən il BMT Baş Assambleyasının Azərbaycanla imzaladığı sənədi, layihəni xatırlamaq istəyirəm: bu, artıq ölkənin ən ucqar yerlərinə informasiya-kommunikasiya texnologiyalarının ötürülməsinə həsr olunmuş layihədir. Eyni zamanda burada kommunikasiya sahəsinin iştirakçıları olan mobil və digər şirkətlərlə bərabər informasiya təhlükəsizliyinin təkmilləşdirilməsi məsələsi də öz əksini tapıb. Sözügedən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi çərçivəsində Avrasiya Rabitə Alyansının yaradılması nəzərdə tutulur. Genişzolaqlı rabitə üzrə Komissiya çərçivəsində biz bu məsələləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla ətraflı müzakirə etmişik. Yəni fiber-optik kabellər, genişzolaqlı xidmətlər olmasa, həmçinin bu sahəni inkişaf etdirməyən, ölkə üzrə yaymayan dövlətlər ümumi inkişafdan geridə qalır. Azərbaycan isə bu məsələləri prioritet kimi gündəmdə saxlayır və bu sahədə çox qabaqcıl addımlar atmaqdadır.
“Azərbaycanın tarixi İpək yolunun “virtual” məkana keçirilməsi yaradıcı və strateji baxımdan çox əhəmiyyətli təşəbbüsdür”
Azərbaycanın tarixi İpək yolunun tədricən “virtual” məkana keçirilməsi, doğrudan da, yaradıcı və strateji baxımdan çox əhəmiyyətli təşəbbüsdür. Bu məsələlərin daha geniş mənada regionda tətbiqi, hələ də texnologiyalardan istifadə etməyən tərəfə ötürülməsi, sözsüz ki, çox əhəmiyyətli bir addımdır. Bu mənada Azərbaycanı təbrik etmək istəyirəm. Mən Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014”-ü və Azərbaycanın tutduğu mövqeni də qeyd etmək istəyirəm. 2001-ci ildə Yeni Zelandiyanın baş naziri olaraq, Koreyaya səfərimi xatırlayıram ki, həmin dövrdə bütün Koreyanın 2010-cu ildə genişzolaqlı internetdən istifadəsi ilə bağlı artıq hazır planları var idi. Mən öz ölkəmə dönüb təəssüratlarımı bölüşəndə dedim ki, biz yetərincə strateji düşünmürük. Hal-hazırda görürəm ki, Azərbaycan informasiya- kommunikasiya texnologiyalarının, yeniliklərin tətbiqi baxımından strateji düşüncəyə malikdir. Tamamilə razıyam ki, tədricən bu rol artmalıdır və daha böyük, daha geniş mənada əhalinin rabitə və genişzolaqlı internet xidmətlərinə çıxışı təmin olunmalıdır. Genişzolaqlı rabitə üzrə Komissiyada biz onu da müzakirə etmişik ki, yalnız genişzolaqlı xidmətlərin yayılması deyil, onların məzmunu, səhiyyə, təhsil, ictimai xidmətlər və digər sahələrə tətbiqi də çox əhəmiyyətlidir. Düşünürəm ki, bu sahə, həmçinin, biznes mühitin yaxşılaşdırılması, özəl sahibkarlığın, ümumilikdə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə də böyük təsir göstərə və öz töhfəsini verə bilər. Onu da qeyd etmək istəyirəm ki, bu gün İKT sahəsində yeniliklərin tətbiqi çox gözəl nümunələrdir və bunları tədricən digər ölkələrlə bölüşmək olar. Düşünürəm ki, BMTİP-lə bərabər beynəlxalq əməkdaşlıq çərçivəsində bu sahədə töhfə verə biləcəksiniz.
“Azərbaycanın bu təcrübələri digər ölkələrlə də bölüşməsi üçün müzakirələr aparırıq”
Azərbaycanla əməkdaşlığımızı əsasən iki istiqamətdə qururuq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyini nəzərdə tutsaq, birincisi, Azərbaycan daxilində həyata keçirilən layihələrdir ki, burada, məsələn, keçən il imzalanan və Azərbaycanın əyalətlərinə, ucqar ərazilərinə rabitə, internet xidmətlərinin çıxışının təmin olunması ilə əlaqədar böyük bir layihəni qeyd edə bilərəm. Eyni zamanda “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın yaradılması kimi məsələləri qeyd edə bilərəm. Beynəlxalq səviyyədə əməkdaşlığa gəlincə, Azərbaycanla Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin biliklərini, təcrübələrini tədricən Əfqanıstanda tətbiq etməkdədir. Əfqanıstanda yerləşən BMTİP-in Kabul ofisi vasitəsilə biz həmin ölkədə informasiya-kommunikasiya texnologiyalarının daha geniş yayılmasını və əhatəsini təmin etməyə çalışırıq və bu müstəvidə Azərbaycanın sözügedən təcrübələri digər ölkələrlə də bölüşməsi üçün müvafiq layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparırıq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir çox yenilikləri ölkə daxilində tətbiq edən və digər ölkələrlə bölüşməyə hazır olan aparıcı nazirliklərdən biridir. Hesab edirik ki, sırf bu nümunə əsasında da Azərbaycanla BMTİP arasında gələcək əməkdaşlıq çərçivəsi qurulmalıdır. Bu əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi üçün geniş imkanlarımız mövcuddur.
Həqiqət İSABALAYEVA
03/10/14 Çap et