Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Detroyt sakini ikimərtəbəli evini “iPhone 6” smartfonu ilə barter etməyə hazırdır


ABŞ-ın Detroyt şəhərində bir nəfər daşınmaz əmlak agentliyinin saytında ikimərtəbəli evinin satışı və ya “iPhone 6” smartfonu ilə barter edilməsi haqda elan yerləşdirib.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Fox-2” telekanalının məlumatına əsasən, kərpic evi hələ iyunda 5 min dollara satışa çıxarılıb. Amma alıcı tapılmadığından satıcı mülkünü yeni “iPhone 6” smartfonu və ya 32 QB-lıq yaddaşa malik “iPad” planşeti ilə barter etməyə hazırdır.
 
Əmlak agentliyi üzrə agent Larri Elsi elanın həqiqiliyini təsdiqləyib.
 
Detroyt şəhəri təxminən 40 il bundan əvvəl tənəzzül etməyə başlayıb. Hazırda şəhərdə təxminən 700 min insan yaşayır, halbuki 10 il əvvəl meqapolisin əhalisi 1,8 milyon təşkil edib. Detroyt sakinlərinin sayının azalması fonunda şəhər xəzinəsinə vergi daxilolmaları da azalmağa başlayıb, infrastruktur dağılıb, cinayət artıb.
 
3 dekabr 2013-cü il tarixində ABŞ-ın avtomobil paytaxtı müflis elan edilib.
 
Emil Hüseynov
 
 




08/10/14    Çap et