Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Opera” brauzeri artıq qol saatlarına quraşdırılır
“Opera Software” şirkəti trafikə qənaət edən “Opera Mini” brauzerinin qeyri-adi platformada – "ağıllı" saatda çıxışını elan edib. “Tizen” əməliyyat sistemi ilə işləyən “Samsung Galaxy Gear S” qurğusundan söhbət gedir.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, brauzerin interfeysi elə uyğunlaşdırılıb ki, istifadəçilərin sözügedən cihazın 2 düymlük ekranında naviqasiya ilə bağlı problemi olmamalıdır. Smart saat daxili “3G” modemlə təchiz edildiyindən birbaşa biləkdən internetə daxil olmaq mümkündür.
“Gear S” qurğusuna quraşdırılmış “Opera Mini” brauzerinin intellektual əsas səhifəsi sosial şəbəkələrdəki bildirişləri və xəbərləri göstərəcək. Ekspress-paneldə saytlara istinad böyük düymələr şəklində olduğundan bir toxunuşla həmin veb ünvanlarına keçid mümkün olacaq. Nəhayət, bütün müasir brauzerlər üçün ənənəvi hal alan məxfi baxış rejimi reallaşdırılıb. Brauzeri “Samsung Gear Apps” tətbiq mağazasından ödənişsiz yükləmək olar.
Xatırladaq ki, “Opera Mini” mobil qurğular üçün ən populyar brauzerlərdən biridir, 250 milyondan çox istifadəçisi var. Proqramın əsas xüsusiyyəti məlumatların sıxılması texnologiyasıdır. Bu, veb səhifələrin yüklənmə sürətini xeyli artırmağa imkan verir.
Emil Hüseynov
08/10/14 Çap et