“Skype” Hindistanın mobil və stasionar telefonlarına zəngləri ləğv edir
Noyabrın 10-dan etibarən “Skype” internet telefoniya xidməti tərəfindən abunəçilərin Hindistanın mobil və stasionar telefonlarına zənglərinin yönəldilməsi dayandırılacaq. Bu, xidmətin sahibi olduğu “Microsoft” korporasiyası tərəfindən yerli qanunvericiliyin tələblərinə güzəştə getməsi kimi başa düşülür.
Hindistan hakimiyyəti stasionar və mobil telefonlara zənglər üçün “VoIP” texnologiyasından istifadəyə tətbiq olunan qadağanı telekommunikasiya şirkətlərinin investisiyalarının qorunmasının zəruriliyi ilə izah edir. Lakin bir sıra provayderlər internet istifadəçilərinin çıxan zənglərini əvvəlcə beynəlxalq marşrutlar üzrə yönəltməklə sonradan onu Hindistan telefonlarına istiqamətləndirirlər. Hindistan hökuməti və telekommunikasiya şirkətləri assosiasiyaları tez-tez ABŞ şirkətləri ilə mübahisə edərək onları yerli qaydalara əməl etməyə çalışırlar. Amma beynəlxalq şirkətlərin Hindistan filialları adətən bəyan edirlər ki, xidmətlər ABŞ ərazisində yerləşən şirkət tərəfindən göstərilir və onun fəaliyyətinə nəzarət qeyri-mümkündür.
“Microsoft” korporasiyasının nümayəndələri qeyd edirlər ki, yeni qaydalar yalnız Hindistan daxilində stasionar və mobil telefonlara edilən zənglərə şamil edilir. “Skype” abunəçiləri arasında danışıqlar pulsuz olaraq qalır. “Skype” vasitəsilə Hindistan nömrələrinə xaricdən, eləcə də Hindistandan xarici ölkələrə zənglər etmək mümkündür, - "
Computerworld” yazır.