Gartner”: “İstifadəçilərin diqqəti yenidən fərdi kompüterlərə qayıdır”
Cari ilin üçüncü rübündə dünyada fərdi kompüterlərin tədarük həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 79,4 milyon ədəd təşkil edib. Bu barədə “Gartner” analitik şirkətinin ilkin hesabatında deyilir.
Analitiklər tədarükün inkişaf etməkdə olan bazarlarda azalmasını, eyni zamanda Qərbi Avropa və Şimali Amerika bazarlarında müsbət nəticələri qeyd edirlər. Şirkət mütəxəssislərinin fikrincə, bu, fərdi kompüter sənayesinin tədricən bərpa olunmasından xəbər verə bilər. Hesabatda o da qeyd olunur ki, istifadəçilərin diqqəti planşet kompüterlər bazarında məhsul bolluğuna görə yenidən fərdi kompüterlərə qayıdır. Eyni zamanda inkişaf etməkdə olan ölkələrdə istifadəçilər fərdi kompüteri yeniləməməyə və ya onların əvəzinə, daha ucuz planşet qurğular almağa üstünlük verirlər. Qeyd olunan bazarlarda mənfi dinamika bununla əlaqədardır.
Bildirilir ki, aparıcı istehsalçılar beşliyinin payı ilk dəfə dünyada fərdi kompüterlərin tədarük həcminin üçdə iki hissəsini təşkil edib. Nəhəng istehsalçıların hamısı – “Lenovo”, “HP”, “Dell”, “Acer” və “ASUS” şirkətləri sahənin orta göstəricisi ilə müqayisədə yüksək artım tempi nümayiş etdirib.
Fərdi kompüterlər bazarının lideri üçüncü rübün yekunları üzrə bazarın 20 faizinə sahib çıxan Çinin “Lenovo” şirkəti olub. İkinci yerdə payı 17,9 faizə bərabər olan “HP” şirkəti qərarlaşıb. Üçüncü yeri 12,8 faizlə “Dell” şirkəti tutub. Dördüncü və beşinci yerlərə müvafiq olaraq “Acer” (8,6 faiz) və “ASUS” (7,3 faiz) istehsalçıları sahib çıxıb, - “
Computerworld ” yazır.