Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşüb
İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir Əli Abbasovla İzzətullah Zərqaminin başçılıq etdiyi nümayəndə heyətinin görüşü keçirilib.
Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirən nazir Əli Abbasov dövlət başçısı İlham Əliyev və prezident Həsən Ruhani arasında keçirilən görüşlərin, həmçinin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclaslarının bu əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını nəzərə çatdırıb.
Tərəflər arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu, bu inkişafda radio-televiziya yayımı sahəsinin də öz yeri olduğunu qeyd edən nazir əlaqələrin genişləndirilməsi üçün bir çox yeni istiqamətlərdə, o cümlədən peyklərdən istifadə sahəsində yeni imkanların meydana gəldiyini bildirib.
İranlı qonaq da öz növbəsində dövlət başçıları arasında keçirilən görüşlərin ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsinə yeni təkan verdiyini, iki ölkə arasında münasibətləri daha da yaxınlaşdırdığını vurğulayaraq, bu əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini qeyd edib.
Daha sonra görüşdə ölkəmizdə Radio-TV sahəsində yayımla bağlı həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verilib, ölkələr arasında bu sahədə mövcud münasibətlər müzakirə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, rəqəmli TV və internet televiziyalarının inkişafı nəzərə alınaraq, hər iki dövlətin istifadəçilərinə maraqlı və yararlı ola biləcək, yüksək mənəviyyatlı proqramlar hazırlanmalı, proqramların mübadiləsi təşkil olunmalıdır. Görüşdə, həmçinin, İranla Azərbaycan arasında Yayım üzrə Müştərək Komissiyanın yaradılması üzərində işlərə başlanılması qərara alınıb.
10/10/14 Çap et