Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İranla Azərbaycan arasında Yayım üzrə Müştərək Komissiya hər iki ölkənin inkişafının təmin olunmasına xidmət edəcək
Son illər İranla Azərbaycan arasında klassik efir yayım texnologiyasında müdaxilələr, yaxud da radio-televiziya verilişlərində maraqlara toxunma kimi məsələlər, demək olar ki, artıq yoxdur.
Bu baxımdan, iki ölkə arasında yaradılması nəzərdə tutulan Yayım üzrə Müştərək Komissiyanın üzərinə yeni vəzifələr düşür. Təşkil ediləcək komissiyanın əsas məqsədi yeni texnologiyaların inkişafı ilə bağlı meydana gələn məsələlərin həllinə yardım göstərməkdir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu barədə komissiyanın təşkili ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib. Nazirin sözlərinə görə, son illərin texniki inkişafının nəticəsi olaraq, internet-radio-televiziya, peyk yayımı, rəqəmsal yayım və digər texnologiyalar meydana gəlir:
“Biz artıq onlara da nəzarət etməliyik. Nəzarət etməliyik ki, orada da texnoloji problemlər yaranmasın, həmçinin maraqların toxunulmazlığı qarşılıqlı olaraq təmin edilsin. Ona görə də bu komissiyanın qarşısına böyük vəzifələr qoyulub. Müştərək Komissiya yalnız texnoloji məsələlərin həllinə deyil, eyni zamanda yayımın məzmunu, mədəni əlaqələrin genişləndirilməsi, ümumilikdə hər iki ölkənin inkişafının təmin olunmasına yönəlmiş işlərin həyata keçirilməsinə xidmət edəcək”.
Sözügedən komissiyanın yaradılması zərurətinə toxunan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami isə qeyd edib ki, bu qurum iki ölkə arasında yayım və mətbuat sahəsində texniki məsələlərə nəzarət edəcək, onların həlli ilə məşğul olacaq:
“Eyni zamanda Müştərək Komissiya birgə, mədəni televiziya proqramlarının hazırlanması istiqamətində də lazımi işlər görəcək. İki dövlətin, eləcə də xalqların arasında çox yaxşı münasibətlər var. Düzdür, hər ölkədə müəyyən media, televiziya proqramları hazırlanır, lakin media nümayəndələri bunu başqa cür - anlamayıb, səhv təqdim etməməli, daha doğru təqdim etməlidirlər”.
Həqiqət İSABALAYEVA
10/10/14 Çap et