Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il kiberhücumların orta qiyməti 12,7 milyon dollara bərabərdir


“Ponemon Institute” ekspertlərinin qənaətinə görə, cari ildə kiberhücumların orta qiyməti 12,7 milyon dollar təşkil edir. Mütəxəssislərin araşdırmasına əsasən, ötən il bu göstərici 11,56 milyon dollara bərabər olub.
 
“Kiberhücumların 2014-cü il üçün qiyməti” qlobal hesabatında deyildiyinə görə, insidentlər 2010-cu ilin göstəricisi ilə müqayisədə 95 faiz bahalaşıb. Bununla belə, ekspertlər əmindirlər ki, bu informasiya şirkətlərin kompüter infrastrukturunun mühafizəsinə diqqət yetirməməsi demək deyil.
 
“Ponemon Institute”un təsisçisi Larri Ponemonun sözlərinə görə, qeyd olunan faktlar, əksinə, müəssisələrin kompüter sistemlərinin mühafizəsinin yüksək səviyyədə olmasından xəbər verir.
 
Tədqiqat zamanı şirkət mütəxəssisləri yeddi ölkədə 257 şirkətin iki min nümayəndəsinin fikrini öyrənib. Məlum olub ki, ABŞ müəssisələri zərərli kodun tətbiqi ilə hücumlarla daha çox rastlaşır. Onlarda “DoS” hücumlara az təsadüf edildiyi qeyd olunur.
 
Qeyd etmək lazımdır ki, 2014-cü ildə “DoS” hücumların orta qiyməti 166 545 dollar təşkil edib. Şirkət əməkdaşlarının səbəb olduğu insidentlər daha bahalı (213 542 dollar) olub.
 
Hesabata əsasən, cari ildə orta statistik hücumun müddəti 31 gün, dəyəri 639 462 dollar təşkil edib. Ötən il bu göstəricilər müvafiq olaraq 27 günə və 509 665 dollara bərabər olub, - “SecurityLab” yazır.
 
 




11/10/14    Çap et