Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada 100 milyon məktəbli proqramlaşdırmanın əsaslarını öyrənəcək


İnternetdə 100 milyon məktəblinin kompüter proqramlaşdırmasının əsaslarını öyrənməsi üzrə təhsil proqramının istifadəyə verilməsi üçün vəsait toplanışı kampaniyasına start verilib.

Bu barədə informasiya “Indiegogo” platformasının saytında verilib. 
 
Təşəbbüs “Google” və “Microsoft” şirkətləri, eləcə də Bill Qeyts və "LinkedIn” sosial şəbəkəsinin təsisçisi Rid Hoffman tərəfindən dəstəklənib. Şirkətlər layihəyə istifadəçilərin toplayacağı məbləğdə vəsait qoymağa hazır olduqlarını bəyan edib.
 
Proqramın mahiyyəti ondan ibarətdir ki, dünyada 100 milyon məktəbli “Hour of Code” kompüter proqramlaşdırmasının əsasları üzrə baza kursu keçə bilsin. Proqramlaşdırmanın materialları artıq 30 dilə tərcümə olunub, lakin kursların keçirilməsi üçün ibtidai, orta və böyük siniflər üçün müvafiq olaraq 10 min, 500 və 200 informatika müəllimi hazırlanmalıdır. 
 
14 dekabr 2014-cü ilədək davam edəcək vəsait toplama kampaniyası çərçivəsində hazırda 73 min dollar yığılıb. Təşəbbüsün həyata keçirilməsi üçün ümumilikdə 5 milyon dollar tələb olunur.
 
2013-cü ildə “Сode.org” portalının analoji proqramı “Hour of Code” kurslarında iştirak edən 43 milyon məktəblini əhatə edib. Bundan sonra proqramlaşdırmanın əsasları üzrə tam kurs 40 mindən çox məktəbdə tətbiq edilib.    
 
Məlumat üçün bildirək ki, hazırda dünya məktəblərinin 90 faizində informatika fənni tədris olunmur, - "NEWSru ” yazır.




11/10/14    Çap et