Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Standartlaşdırma üzrə Milli Texniki Komitələrin formalaşdırılması istiqamətində işlər aparılır


Standartlaşdırma üzrə Milli Texniki Komitələrin formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də bir sıra işlər aparılır. Hazırda standartlaşdırma sahəsi üzrə müxtəlif dövlət qurumları və özəl təşkilatlarla birgə yaradılan informasiya-kommunikasiya texnologiyaları, yeyinti və kənd təsərrüfatı məhsulları, neft-kimya və kimya məhsulları, mebel məhsulları, turizm, keyfiyyətin idarə olunması, ekologiya, torpağın qiymətləndirilməsi və geomatika sahələrini əhatə edən texniki komitələr fəaliyyət göstərir.
 
Hazırda iqtisadiyyatın digər sahələrini əhatə edən texniki komitələrin yaradılması üzərində işlər aparılır.
 
 Eyni zamanda cari il ərzində 74 yeni standart dövlət qeydiyyatına alınıb. Hazırda cəmi 782 milli standart və 23000 dövlətlərarası standart (ГОСТ) Azərbaycan Respublikasında qüvvədədir. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitədən qeyd edilib ki, iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən-ilə artmaqdadır:
 
 “Sənaye ili” elan edilməsi ilə əlaqədar “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında yerli məhsulların rəqabət və ixrac qabiliyyətinin yüksəldilməsi istiqamətində beynəlxalq və Avropa standartları əsasında elektrik kabelləri və plastik borulara tələbləri təyin edən yeni milli standartların hazırlanması üzrə Saziş imzalanıb”.
 
 
Qeyd edək ki, 14 oktyabr 1946-cı il tarixində 25 ölkənin nümayəndələri standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın London şəhərində toplaşıblar. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlamışdır. Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınmışdır. Həmin dövrdən bu gün bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edilir. İSO-ya üzv ölkələrdən başqa Beynəlxalq Elektrotexniki Komissiya (İEC), Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) və başqa təşkilatlar da bu günün qeyd edilməsinə xüsusi önəm verirlər.
 
 
Həqiqət İSABALAYEVA




14/10/14    Çap et