Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlayn xidmətlər portalında daha bir bankın kredit ödənişlərini aparmaq mümkünləşib


Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan “www.hesab.az” fəaliyyətini genişləndirib.
 
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq “Hesab.az” vasitəsi ilə “Dəmirbank” müştəriləri də öz kredit ödənişlərini vaxt itirmədən, istənilən vaxt, olduqları məkandan asılı olmayaraq daha rahat ödəyə bilərlər.
 
İstifadəçilər ödəniş zamanı bonuslar qazanıb dəyərli hədiyyələrə sahib ola bilərlər. Məbləğindən asılı olmayaraq ödənişlər zamanı 1 AZN komissiya tutulacaq.
 
Bununla yanaşı, müştərilərə “DəmirTaksit” kartları, kredit kartları və nağd pul krediti üçün onlayn müraciət imkanı təqdim olunub.
 
Qeyd edək ki, “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsi ilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların,  kabel televiziyaların ödənişlərini həyata keçirə bilərlər. 
 
Hazırda 135 minə yaxın istifadəçisi olan portalda lizinq və bank kreditlərinin ödənişi,  kredit və lizinq üçün müraciət və sığorta polislərinin onlayn rejimdə əldə edilməsi xidmətləri də göstərilir.
 
“Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
 
CAHANGİR




15/10/14    Çap et