Əmək hüquqlarının təminatına dövlət nəzarəti sistemi müasir texnologiyalar əsasında təkmilləşdirilib
Əmək hüquqlarının təminatına dövlət nəzarəti sistemi müasir texnologiyalar əsasında təkmilləşdirilib. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadənin keçirdiyi mətbuat konfransında qeyd edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, F.Əlizadə cari ilin 9 ayında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatların və işçi hüquqlarının təminatı sahəsində görülən işlərdən söz açıb.
Xidmət rəisi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanılmasını hesabat dövrünün ən uğurlu islahat tədbirlərindən biri kimi qeyd edib:
“Cari ilin 01 iyulundan istifadəyə verilən bu sistem artıq tam fəaliyyətdədir. Sistem tətbiq olunduqdan sonra işəgötürənlərin məlumatlandırılması, sistemdən istifadə ilə bağlı onların praktik bilgilərə sahib olmaları üçün DƏMX tərəfindən ardıcıl və çoxşaxəli işlər görülüb. Müvafiq Qaydalar, metodiki materiallar nazirliyin rəsmi saytında (
www.mlspp.gov.az,
www.eesmn.gov.az) yerləşdirilib. KİV-də çoxsaylı təbliğat-maarifləndirmə materiallarının yayımı, bütün bölgələrdə “Açıq qapı” günü - vətəndaş forumlarının keçirilməsi, “Yardımçı masaları”nın yaradılması və s. təşkil olunub. Bu işlərin, habelə EİS-in mükəmməl və işəgötürənlərin istifadəsi üçün rahat və əlverişli proqram təminatına malik olmasının müsbət nəticəsi kimi, işçilərlə bağlanmış əmək müqavilələrinin müvafiq bildiriş formalarında EİS-də qeydiyyatdan keçirilməsi prosesində işəgötürənlər fəal iştirak edib. Təkcə cari ilin sentyabr ayı ərzində EİS-dən 1 116 873 nəfər, istifadəyə verildiyi vaxtdan, yəni bu ilin iyulun 1-dən isə 1 milyon 753 minə yaxın vətəndaş istifadə edib. Onu da nəzərinizə çatdırım ki, sistem istifadəyə verildikdən sonra ötən qısa müddət ərzində 1 milyon 400 mindən çox əmək müqaviləsi EİS-də qeydiyyatdan keçirilib”.
Bunun uğurlu göstərici olduğunu qeyd edən F. Əlizadə bildirib ki, hazırda davam edən bu prosesə ciddi nəzarət olunur:
“Bağlanan hər bir yeni əmək müqaviləsi, yaxud bu müqaviləyə dəyişiklik edilməsi və ya xitam verilməsi bildiriş formasında EİS-də əksini tapmalıdır. Qanunvericiliyin bu tələbinə əməl olunmaması təbii ki, hüquq pozuntusu faktı kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələr tətbiq ediləcək”.
Xidmət rəisi Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyatı mexanizminin yaradılmasının beynəlxalq qurumlar tərəfindən maraq və rəğbətlə qarşılandığını, bunun dünyada mütərəqqi təcrübələrdən biri və digər bir çox ölkələr üçün nümunə kimi dəyərləndirildiyini bildirib:
“Çünki bu sistem əmək münasibətləri sahəsində şəffaflığın təmin olunmasına, bu sahəyə birbaşa və obyektiv dövlət nəzarətinin həyata keçirilməsinə, işçilərin əmək və gələcək sosial təminat, layiqli pensiya hüquqlarının etibarlı təminatına imkan yaradıb. Dövlət nəzarəti zamanı qeyri-leqal işçiləri dərhal müəyyən etməyə imkan verən bu sistem nəticə etibarilə sosial sığorta, vergi daxilolmalarının artmasına şərait yaradır. Həmçinin EİS-in tətbiqi işəgötürənlərin qısa bir dövrdə elektron imzaya, e-imza ilə işləmək bacarıqlarına yiyələnmələrinə, bağlanan hər bir əmək müqaviləsinin artıq kağız daşıyıcılıq formasından çıxaraq elektron sənəd kimi formalaşmasına və istənilən halda işçilərin hüquqlarının müdafiəsində hüquq əsas rolu oynaya bilməsinə səbəb olub”.
F.Əlizadə cari ilin yanvar-sentyabr aylarında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin nəticələri barədə də məlumat verib.
O bildirib ki, qeyd olunan dövrdə dövlət nəzarəti zamanı ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda 14 774 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar olunub.
Əsasən özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında yol verilən bu hüquq pozuntuları ilə bağlı olaraq işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə cərimələr tətbiq edilib.
Tətbiq edilmiş ümumi cərimələr 3 437 650 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7.3 dəfə çoxdur. Tətbiq edilmiş ümumi cərimələrdən 41,1 %-i, yəni 1 411 600 manatı dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur. Eyni zamanda, cari ilin 9 ayında qeyri-leqal şəkildə əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6 420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanılması təmin olunub”.
Həqiqət İSABALAYEVA