“Google Play” gəlir həcminə görə “App Store”ni heç cür ötə bilmir
"App Annie" analitik xidmətinin hesabatına əsasən, "Google Play" onlayn mağazasından proqramların yüklənmə sayı "Apple App Store"nin müvafiq göstəricisini 60% ötür. Ancaq belə kəskin fərqə baxmayaraq, tərtibatçılar "App Store" üzərindən satışlardan əvvəlki kimi yaxşı qazanırlar.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "App Store"nin istifadəçiləri əvvəlki kimi tərtibatçılar üçün cəlbedicidir, belə ki, mağaza "Android"-cihazlar üçün müvafiq xidmətlə müqayisədə 60% daha çox gəlir generasiya edir.
Bu, onunla bağlıdır ki, "Google" şirkəti "Android" platforması ilə işləyən qurğularını inkişaf etməkdə olan ölkələrdə daha aktiv yayır, sonuncuların istifadəçiləri isə tətbiqləri satın almağa deyil, pulsuz proqramlar yükləməyə üstünlük verirlər. "Google Play"ın populyarlığı, əsasən Hindistan, Braziliya və İndoneziyanın hesabınadır.
Eyni zamanda, sözügedən onlayn mağazanın gəliri üçün ən böyük töhfə ABŞ və Cənubi Koreya istifadəçiləri tərəfindən edilib.
Emil Hüseynov