Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“СIPS Caspian”-da yeni mikro-prosessorlu “smart” kartlar, identifikasiya texnologiyaları təqdim olunacaq
22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 7-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri Sərgisi (СIPS Caspian) keçiriləcək.
Azərbaycan və Cənubi Qafqaz regionunda təhlükəsizliyə həsr olunmuş ən nüfuzlu beynəlxalq ixtisaslaşdırılmış sərgi sayılan “СIPS Caspian” cəmiyyətdə və bütün regionda stabilliyin saxlanması üzrə müasir yanaşmaları nümayiş etdirən, hər il daha aydın və tələb olunan sərgi tədbirinə çevrilməkdədir.
Sərginin iştirakçıları ən yeni avadanlıq nümunələri ilə, müasir texnologiyalarla, mühafizə televiziyası sahəsində ən son nailiyyətlər və layihə işləri ilə, girişə nəzarət, qəza və xilasetmə texnikası ilə tanış olmaq və qarşılıqlı işgüzar əlaqələr qurmaq üçün unikal imkanlara malikdir.
Sərginin təşkilatçısı “Iteca Caspian”-dan qeyd edilib ki, “СIPS Caspian”-ın bölmələrinə “Təhlükəsizliyin təmin edilməsi üçün texniki vasitələr”, “Mühafizə televiziyası və müşahidə sistemləri”, “Yanğın təhlükəsizliyi. Qəza-xilasetmə texnikası. Əməyin mühafizəsi”, “Məlumatların mühafizəsi. Mikro-prosessorlu “smart” kartlar. İdentifikasiya texnologiyaları. Bank avadanlığı” daxildir: “Sözügedən təhlükəsizlik sistemi sərgisi işgüzar ünsiyyət, malların təşviqi və bazarın öyrənilməsi üzrə dünyada qəbul edilmiş meydança sayılır.
Qeyd edək ki, Azərbaycan beynəlxalq arenada əhəmiyyətli strateji tərəfdaşdır, eyni zamanda investisiya yatırımlarının artımına kömək edən məqbul və əlverişli şəraitə malikdir.” “CIPS Caspian 2014”-ün üstünlüklərinə gəldikdə, regionda yeganə peşəkar sərgi sayılan bu tədbir ən böyük “İnşaat” sərgisi (“BakuBuild”) ilə paralel keçirilir ki, bu da hər iki sahənin mütəxəssislərinə işgüzar əməkdaşlıq üçün unikal imkanlar yaradır.
Həmçinin iştirakçılara qısa müddət ərzində bazarın maksimum əhatə olunması - sənaye peşəkarları və korporativ sifarişçilərlə 4 gün ərzində intensiv görüşlər və danışıqlar; yekun məhsulların aparıcı istehsalçıları və yeni müştərilərlə tanışlıq; mövcud əlaqələrin yenilənməsi və gələcək biznes əlaqələri üçün yeni platformaların hazırlanması kimi üstünlüklər verir.
Qeyd edək ki, sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) rəsmi dəstək verir.
Həqiqət İSABALAYEVA
17/10/14 Çap et