Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Banqkokda Asiya-Sakit okean regionunda yüksəksürətli internetin inkişafı üçün qərarlar qəbul edilib


Banqkokda Asiya-Sakit okean regionunda yerləşən ölkələrin nümayəndələri əhalinin yüksəksürətli internetə çıxışını genişləndirməyə söz veriblər. Onlar nəqliyyat sahəsində əldə olunmuş nailiyyətlərdən istifadə edərək təhlükəsiz informasiya supermagistralı yaratmaq niyyətindədirlər.
 
"ICTnews" elektron xəbər xidməti “un.org” saytına istinadən bildirir ki, 14-16 oktyabr tarixlərində Tailandın Banqkok şəhərində Asiya və Sakit okean regionu üçün BMT-nin İqtisadi və Sosial komissiyasının informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə komitəsinin dördüncü sessiyası keçirilib.
 
İştirakçılar regional İKT şəbəkəsinin norma və prinsiplərinin hazırlanması üçün işçi qrup yaratmaq və informasiya supermagistralının möhkəmləndirilməsi üzrə əsas plan hazırlamaqla bağlı razılığa gəliblər.
 
Sözügedən həllər bütün regionda internetə yüksəksürətli çıxış qiymətinin xeyli azaldılması yolunda mühüm addım olmalıdır.
 
 
Hazırda Asiya və Sakit okean regionunun inkişaf etməkdə olan ölkələrində əhalinin 15%-i yüksəksürətli internetə çıxış imkanına malikdir. Daha az inkişaf etmiş ölkələr və dənizə çıxışı olmayan dövlətlərdə vəziyyət daha acınacaqlıdır.
 
 
BMT-nin İqtisadi və Sosial komissiyasının İKT üzrə komitəsi bu problemin həlli üçün Asiya-Sakit okean regionunda informasiya supermagistralının yaradılması təşəbbüsü ilə çıxış edib. Məqsəd regionun hər bir ölkəsinin əsas rabitə sistemlərinin yerüstü və dəniz optik-lif  magistrallarına qoşulmasıdır. Bu, regionda inkişaf etməkdə olan ölkələr üçün internet-rabitənin beynəlxalq keçirtmə qabiliyyətinin artmasına və internetin qiymətinin azalmasına səbəb olacaq.
 
 
Hazırda Asiya dünyanın ən böyük birləşdirilmiş nəqliyyat sisteminə malikdir: Asiya avtomagistralı üzrə 143 min kilometr və Trans-Asiya dəmiryol şəbəkəsi üzrə daha 117 min kilometr.
 
 
Emil Hüseynov
 

 
 




20/10/14    Çap et