Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyanın aparıcı mobil operatoru adi mobil telefon satışından imtina edir


Rusiyanın aparıcı mobil rabitə operatoru “MTC” şirkəti ona məxsus olan 200 salonda adi mobil satışını dayandırır.

“ICTnews” xəbər xidmətinin “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, “MTC” artıq telefon satışı salonlarında yalnız smartfon və planşet satacaq.
 
“MTC”-nin Moskva salonlarının bir hissəsindən sadə mobil telefonları artıq bu ilin noyabrından satışdan çıxaracaqlar. Gələn il isə telefonlar operatorun 200 salonundan yığışdırılacaq. Ümumilikdə Rusiyada operatorun 2,8 min şəxsi və 1,2 min françayzinq salonu var.

"Deloitte”un araşdırmalarına əsasən, bu il Rusiyada smartfon satışı adi telefon satışlarının həcmindən çox olub, belə ki, “MTC”-nin salonlarında bu ilin ikinci rübündə satılan qurğuların 60 faizi smartfon olub və onlardan operator riteyl gəlirinin 86 faizini əldə edib.

Operatorun abunəçilərinin 37 faizi bu ilin üçüncü rübündə smartfondan istifadə ediblər, bu isə ötən illə müqayisədə 4,6 faiz çoxdur. Sadə telefonların satışından imtina etməklə operator smartfon satışlarının həcmini artırmaq niyyətindədir, çünki “ağıllı” telefonların satışı ona daha çox sərf edir. Smartfon istifadəçilərinin mobil rabitə xidmətləri üzrə orta aylıq hesabı 1,5 dəfə sadə telefon istifadəçilərinin hesabından çoxdur.

Rusiya bazarında fəaliyyət göstərən digər iri mobil rabitə operatorları tamamilə sadə telefon satışından imtina etməyi planlaşdırmırlar, çünki onların satış şəbəkəsində bu modellərə hələ də tələbat var.
 
Aynur Vəliyeva






20/10/14    Çap et