Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreya şirkəti qabaqcıl smartfonunun yenilənmiş versiyasını təqdim edib


Cənubi Koreyanın "Samsung" şirkəti son qabaqcıl smartfonunun yenilənmiş versiyası olan "Galaxy S5 Plus" smartfon modelini təqdim edib. Modelin əsas fərqləndirici cəhəti "Qualcomm Snapdragon 805" prosessorunun daha da gücləndirilməsindədir.
 
"Snapdragon 805" çipi "Galaxy S5" modelində quraşdırılan "Snapdragon 801" kimi dördnüvəlidir və 2,5 QHs takt tezliyində işləyir. "Snapdragon 805" modelində "Krait 450", "Snapdragon 801"-də "Krait 400" nüvəsi quraşdırılıb. Bundan başqa, "Snapdragon 801"-də "Adreno 330", "Snapdragon 805"-də "Adreno 420" sürətləndiricisi yer alıb. Həmçinin "Snapdragon 805" məlumatların 300 Mbit/saniyə sürətində ötürülməsini təmin edən "LTE Advanced Category 6" texnologiyasını dəstəkləyir.
 
Qabaqcıl smartfonun birinci versiyası kimi, "Galaxy S5 Plus" 1920*1080 təsvir ölçülü 5,1 düymlü "AMOLED" displey, 2 qiqabayt həcmli operativ yaddaş və 2800 Milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib.
 
Quraşdırılmış yaddaşın həcmi 16 Qb təşkil edir. Bundan əlavə, qurğu yaddaş kartlarını dəstəkləyir. Əsas kameranın təsvir ölçüsü 16, ön kameranın isə 2,1 meqapikselə bərabərdir. Smartfonun korpusu "IP67" standartı üzrə toz və su əleyhinə davamlıdır.
 
 
Yeni qurğunun qiyməti və bazara çıxarılma müddəti barədə məlumat verilmir, - "CNews" yazır.




22/10/14    Çap et