Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı layihənin təqdimat mərasimi keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Kürdəmirdə Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbdə və Famil Həşimov adına 3 saylı tam orta məktəbdə “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı layihənin təqdimat mərasimi keçirilib.

Layihənin məqsədi gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etmələri üçün maarifləndirmə işlərinin aparılmasıdır.
 
AMEA-nın elmi müəssisələri, Kürdəmir Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin nümayəndələri, o cümlədən sözügedən məktəblərin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən layihənin rəhbəri İKT mütəxəssisi Şahzadə Mədətova Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsini ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqətin nəticəsi kimi qiymətləndirib:
 
 “Bu gün insanların həyatında getdikcə daha mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai rəyin formalaşmasında, informasiya tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir. Azərbaycanın informasiya resurslarının internetdə çoxalması və ölkənin maraqlarının internet layihələri sırasında bu gün ən populyar və nəhəng layihələr olan sosial şəbəkələrdə qorunması biz gənclərin üzərinə düşən mühüm vəzifədir”.
 
 
Tədbirdə vurğulanıb ki, məktəblilərin sosial şəbəkələrdən səmərəli istifadə etməsi üçün təbliğat-təşviqat işlərinin aparılması, internet məkanında müxtəlif layihələrdə fəaliyyət göstərən gənclərin mütəşəkkil fəaliyyəti, Azərbaycan həqiqətlərini sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə, ilk növbədə gənc nəslə çatdırması, internetin ən populyar layihələri ilə işləmək üçün məlumatların hazırlanması və sosial şəbəkələr vasitəsilə yayılması sözügedən layihənin məqsəd və vəzifələrindən irəli gəlir.
 
Layihə çərçivəsində gənclərin internet məkanında problemləri ilə bağlı araşdırmaların aparılması, həmçinin multimedia vasitələrinin internetin açıq layihələrinə yerləşdirilməsi ilə əlaqədar seminar və təlimlərin keçirilməsi nəzərdə tutulur.
 
 
Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov,  Nazirlər Kabineti Yanında Dövlət Neft Fondunun layihələri üzrə mütəxəssis Rövşən Məmmədov, “Gənclərin davamlı inkişaf üzrə analitik mərkəzi” İctimai Birliyinin sədri Hüseyn Hüseynov və digərləri çıxış edərək Gənclər Fondu tərəfindən dəstəklənən bu layihənin mühüm əhəmiyyət  kəsb etdiyini, informasiya cəmiyyəti quruculuğuna  ciddi təkan verəcəyini və bu istiqamətdə görüləcək işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər.
 
 
Layihə məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb. Layihənin onlar üçün faydalı olacağını söyləyən şagirdlər  bu  layihədə böyük həvəslə iştirak edəcəklərini diqqətə çatdırıblar.
 
 
Sonda layihə çərçivəsində görüləcək işlər, onun məqsədinə nail olmaq üçün müəyyən edilmiş vəzifələrin icrası və gözlənilən nəticələr müzakirə edilib.
 
 
Qeyd edək ki, oktyabr ayından start verilmiş layihə bir ay müddətində davam edəcək.
 
 
 
Həqiqət İSABALAYEVA
    
 
 
 
 
 
 
 




22/10/14    Çap et