Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Beynəlxalq Telekommunikasiya İttifaqı 2015-ci ildə 150 illiyini qeyd edəcək
2015-ci il Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tarixində əlamətdar il olacaq. Belə ki, növbəti ildə təşkilat yaradılmasının 150 illiyini qeyd edəcək. Bu barədə BTİ-nin məlumatında deyilir.
BTİ baş katibi Hamadun Ture təşkilatın Koreya Respublikasının Busan şəhərində keçirilən Səlahiyyətli Konfransı çərçivəsində qurumun 150 illiyinin qeyd edilməsinə həsr olunan rəsmi tədbirin tərəfdaşlarını təqdim edib. O, digər iştirakçılara da təşkilatın ildönümünün qeyd edilməsinə qoşulmağı təklif edib.
BTİ-nin 150 illiyinin 1 yanvar 2015-ci ildə başlayacaq qeyd olunmasına il ərzində müxtəlif tədbirlər həsr olunacaq. Bu münasibətlə tərəfdaşların siyahısı təsdiq edilib. Əsas tərəfdaşlar arasında Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Rabitə və informasiya texnologiyaları komissiyası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rabitə sahəsinin tənzimləyici orqanı (TRA) yer alıb.
Digər tərəfdaşlar sırasına daxildir: Qana Rabitə Nazirliyi, Zimbabve Respublikasının poçt və rabitə sahəsinin tənzimləyici orqanı (POTRAZ), "Inmarsat Global Limited” şirkəti, Rusiyanın “Milli radiotexnik bürosu” Qapalı Səhmdar Cəmiyyəti, “Rostelekom” Açıq Səhmdar Cəmiyyəti, “Rohde & Schwarz GmbH &Co KG” şirkəti, Mərkəzi Afrika Respublikasının rabitə sahəsinin tənzimləyici orqanı, “NTT” qrupu.
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.
22/10/14 Çap et