Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Linas Linkeviçius: “Azərbaycanla informasiya texnologiyaları sektorunda böyük biznes əlaqələrinin qurulması üçün geniş imkanlar var”


Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Şəmkirdə baş tutan iclasda iki ölkə arasında bir neçə sahə üzrə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sektoru ilə əlaqədar ticarət məsələləri müzakirə edilib. Vergilər naziri Fazil Məmmədov Hökumətlərarası Komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayaraq, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, 2014-cü ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,9 dəfə artaraq 25,1 mln. ABŞ dollarına çatdığını bildirib.
 
 F.Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini və bu sahədəki mövcud potensialı nəzərə alaraq iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.
 
 
Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edərək Azərbaycanın iqtisadiyyatının günü-gündən inkişaf etdiyini diqqətə çatdırıb. L.Linkeviçius bildirib ki, informasiya texnologiyaları, maliyyə, tikinti, enerji, elektronika, nəqliyyat və logistika sektorlarında böyük biznes əlaqələrinin qurulması üçün geniş imkanlar var.
Daha sonra ikitərəfli münasibətlərin inkişaf perspektivləri, informasiya və kommunikasiya texnologiyaları, təhsil və elm, müqavilə-hüquq bazasının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
 
 
Qeyd edək ki, sözügedən tədbir çərçivəsində 8-ci Azərbaycan-Litva biznes forumu keçirilib. Burada hər iki ölkənin sənaye, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.
 
 
Seymur Qasımbəyli




23/10/14    Çap et