Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron məhkəmə sisteminin yaradılması ilə bağlı Dünya Bankı ilə yeni layihə imzalanıb


Dünya Bankı (DB) ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycanda hakimlər, ədliyyə və məhkəmə aparatı işçilərinin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə biliklərinin artırılması məqsədi ilə 1.500-dən artıq şəxs təlimlərə cəlb olunub.

Həmçinin Konstitusiya və Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunub, məhkəmə sisteminin vahid internet portalı yaradılıb.
 
Ədliyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının tərəqqisini və uğurlu nəticələrini görən DB maliyyə dəstəyinin göstərilməsinə dair təşəbbüs irəli sürüb və 2006-2014-cü illər üzrə həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 4 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, 7 məhkəmə üçün bina və komplekslərin inşası başa çatmaq üzrədir.
 
Dünya Bankı tərəfindən ən uğurlu layihələrdən hesab olunan sözügedən layihə “Azərbaycan Respublikası vətəndaşlarına yüksəksəviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasında qalib gəlib və müxtəlif dövlətlər ölkəmizin bu təcrübəsindən bəhrələnməyə maraq göstəriblər. Layihənin uğurlu nəticələri Dünya Bankı ilə əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradıb və yeni daha irihəcmli birgə layihənin keçirilməsi barədə razılıq əldə olunub.
 
Bununla əlaqədar ölkəmizin yüksəksəviyyəli nümayəndə heyəti Dünya Bankının Vaşinqtonda yerləşən iqamətgahına, eləcə də bankın peşəkar mütəxəssislərindən ibarət bir neçə missiya Bakıda səfər edib, müvafiq dövlət orqanları ilə müzakirələr aparılaraq layihə razılaşdırılıb. Beləliklə, Nazirlər Kabinetində Baş nazirin müavini Abid Şərifovun yanında Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” adlı yeni layihənin imzalanması mərasimi keçirilib.
 
Layihəni Azərbaycan Respublikası adından ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankı adından Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko imzalayıblar. Layihənin keçirilməsində məqsəd məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması, ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsi, elektron hüquqi xidmətlərin genişləndirilməsi ilə ədliyyə sisteminə dair vətəndaşların məmnunluğunun artırılmasını təmin etməkdir.
 
Layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
 
 
 
Həqiqət İSABALAYEVA




23/10/14    Çap et