Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “Nüvə elmləri və onun praktiki aspektləri” müzakirə olunur
Bakıda keçirilən “Nüvə elmləri və onun praktiki aspektləri” mövzusunda VII Avrasiya konfransı oktyabrın 24-də öz işini yekunlaşdıracaq.
Oktyabrın 21-dən başlayan və dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin qatıldıqları tədbirin açılış mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru və Azərbaycan “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru, akademik Adil Qəribov, rabitə və yüksək texnologiyalar nazirinin 1-ci müavini İltimas Məmmədov, Türkiyə Atom Enerji Qurumunun prezidenti Zəfər Alper, Qazaxıstan Milli Nüvə Mərkəzinin baş direktoru Erlan Batırbekov, Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunun Nüvə Problemləri laboratoriyasının rəhbəri Qeyrət Kulabdullayev, Argentinanın INVAP S.E. birliyinin Nüvə Layihələri şöbəsinin biznes işləri üzrə meneceri Ruben Mazzi və başqaları çıxış ediblər. Konfransda nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları, ekologiyası, biologiyası, təhlükəsizliyi və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. AMEA-dan verilən məlumata görə, tədbirdə növbəti konfransın 2016-cı ildə Özbəkistanın Daşkənd şəhərində keçirilməsi qərara alınıb.
Konfrans öz işini AMEA Radiasiya Problemləri İnstitutu, AMEA Fizika İnstitutu və AMEA-nın Əsas binasında seksiyalarda davam etdirib.
Həqiqət İSABALAYEVA
24/10/14 Çap et