Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ünvanlı yardım almaq üçün yaradılacaq regional qurumlara elektron formada müraciət etmək mümkün olacaq
Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri davam etməkdədir. Bununla da artıq vətəndaşların ünvanlı yardım almaq üçün yaradılacaq regional qurumlara elektron formada müraciət etmək imkanları olacaq.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən kollegiya iclasında məlumat verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nazir əhalinin rifah halının yüksəldilməsi, yardımların təyinatında ünvanlılığın təminatı istiqamətində aparılan işlər nəticəsində ünvanlı yardım alan ailələrin sayının 17,1 faiz azaldığını diqqətə çatdırıb.
S.Müslümov hesabat dövründə daha 30 yeni peşə standartının layihəsinin hazırlandığını, məşğulluq orqanlarının 22 700 nəfəri münasib işlərlə təmin etdiyini, 2982 nəfər işsiz və işaxtaran vətəndaşın peşə kurslarına cəlb olunduğunu, eyni zamanda hesabat dövründə aparılan məqsədyönlü işlərin müsbət nəticəsi kimi xidmət sahələri üzrə nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin dəfələrlə azaldığını vurğulayıb.
Həqiqət İSABALAYEVA
24/10/14 Çap et