Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un vitse-prezidenti stratosferdən paraşütlə tullanış üzrə Baumqartnerin rekordunu təzələyib


"Google" şirkətinin top-meneceri 57 yaşlı Alan Yustas stratosferdən paraşütlə tullanış üzrə avstriyalı Feliks Baumqartnerin dünya rekordunu təzələyib. Rekord Nyu-Meksika ştatında təyin edilib.

"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Google"un hazırlamalar üzrə vitse-prezidenti heliumla doldurulmuş hava şarına  bərkidilmiş xüsusi kapsulun köməyi ilə 41,4 min metrlik hündürlüyə qalxıb. İki saat ərzində stratosferədək çatmış Yustas orada bir neçə dəqiqə qaldıqdan sonra tullanıb. Paraşüt 5.5 km hündürlükdə açılıb.

Yustas etiraf edib ki, o, stratosferdən tullanış qərarını 2011-ci ildə qəbul edib, hazırlıq üçün 3 il vaxt sərf olunub.

"Fikirlərimi ifadə etməyə söz tapmıram. Bu, çox heyrətamiz idi – o, "The New York Times" nəşrinə bildirib. Sən kosmik məkanın zülməti və atmosfer qatlarını görə bilirsən".
 
Əvvəlki rekordlar

Əvvəlki dünya rekorduna Feliks Baumqartner tərəfindən imza atılıb. O, 2012-ci il oktyabrın 14-də xüsusi kapsulun köməyi ilə 39,45 km hündürlüyə qalxıb və sərbəst düşmədə 4 dəqiqə 20 saniyə olub, dünyada səs sürətini ötmüş ilk insan olub.

Bu vaxtadək dünya rekordu 1960-cı ildə paraşütlə 31,3 km hündürlükdən tullanmış keçmiş hərbi pilot Co Kittinqerə məxsus olub.

Emil Hüseynov
 
 




25/10/14    Çap et