Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kibercinayətkarlıq və bank sistemində fırıldaqçılıqla mübarizə” mövzusunda seminar keçirilib


Mərkəzi Bankda (MB) “PricewaterhouseCoopers” (PwC) audit şirkətinin təşkilatçılığı ilə “Kibercinayətkarlıq və bank sistemində fırıldaqçılıqla mübarizə” mövzusunda seminar keçirilib.
 
MB-dan qeyd edilib ki, seminar “PwC”-nin bank işi, eləcə də enerji sektorlarında dövlət və özəl qurumlar üçün texnologiya, strategiya və risk menecmenti mövzusunda məsləhət xidmətləri üzrə eksperti Trevor Haqan tərəfindən aparılıb.
 
Seminarın məqsədi maliyyə bazarında baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması, elektron ticarətdə ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə risklərin minimallaşdırılması yolları, bankların daxili şəbəkələrinin xarici müdaxilələrdən və haker hücumlarından qorunmasının üsulları barədə bank əməkdaşlarının maarifləndirilməsindən ibarət olub.
 
Tədbirdə respublikada fəaliyyət göstərən kommersiya banklarının informasiya təhlükəsizliyinə məsul şəxsləri və Mərkəzi Bankın əməkdaşları iştirak edib. Bank sistemində plastik kartlar vasitəsilə aparılan əməliyyatlar nəticəsində nağdsız ödənişlərin getdikcə çoxalması, həmçinin bank xidmətlərində internet və mobil alətlərdən geniş istifadə olunması informasiya təhlükəsizliyi sahəsində mövcud risklərin artması ilə müşayiət olunur.
 
Bankların üzləşə biləcəyi fırıldaqçılıq hallarının qarşısının alınması, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, habelə informasiya təhlükəsizliyi sahəsində çalışan bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması baxımından seminarın müsbət əhəmiyyəti olub.
 
 
 
Həqiqət İSABALAYEVA




29/10/14    Çap et