Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan DGK sədri: “Gömrük sistemində xidmətlərin elektron qaydada həyata keçirilməsi rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirir”
Gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, xidmətlərin elektron qaydada həyata keçirilməsi rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov bu fikri Naxçıvan Biznes Mərkəzində noyabr ayının 1-dən qüvvəyə minəcək yeni bəyanetmə qaydalarının izahı məqsədilə keçirilən tədbirdə səsləndirib.
DGK-dən qeyd edilib ki, komitə sədri xarici iqtisadi fəaliyyət iştirakçılarına dövlətimizin iqtisadi maraqlarını, muxtar respublikanın coğrafi, iqtisadi xüsusiyyətlərini daha əhatəli təhlil etməyi, qanunvericiliyin tələblərini dərindən öyrənməyi, gömrük əməkdaşları ilə məsləhətləşmələr aparmağı tövsiyə edib.
Muxtar Respublikanın Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə müxtəlif istiqamətlərdə əlaqələrin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi və digər məsələlər üzrə təkliflər paketinin hazırlanacağını bildirib. Komitənin Audit şöbəsinin rəisi, gömrük xidməti polkovniki Tofiq Hüseynov öz növbəsində gömrük auditi zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından, Statistika və informasiya texnologiyaları şöbəsinin rəisi, gömrük xidməti kapitanı Emin Eyvazov isə gömrük orqanları tərəfindən göstərilən elektron xidmətlərdən və elektron ödənişlərdən danışıblar.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov qeyd edib ki, sahibkarlar xarici ölkələrdən aldıqları malların muxtar respublikaya gətirdiklərini təsdiq edən yük-gömrük bəyannamələrini banklara vaxtında təqdim etməli, nağdsız hesablaşmaların həcminin artırılmasına diqqəti artırmalıdırlar.
Həqiqət İSABALAYEVA
29/10/14 Çap et