Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DƏMX əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi ilə bağlı QHT-lərlə əməkdaşlığa başlayır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsi ilə bağlı işəgötürənlərlə iş sahəsində aidiyyəti QHT-lərlə əməkdaşlığa başlayıb.
 
Bununla əlaqədar DƏMX-də QHT-lərə Dövlət Dəstəyi Şurasının və aidiyyəti QHT-lərin nümayəndələrinin iştirakı ilə yeni sistem barədə vətəndaş cəmiyyətlərində  məlumatlığının artırılması və qeyd olunan sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə seminar-treninq keçirilib. Nazirlikdən bildirilib ki, DƏMX-in rəisi Fuad Əlizadə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, habelə  “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyətlərinin iştirakının əsas vəzifələrdən biri kimi müəyyən edildiyini vurğulayıb: “Cari ilin sentyabrında ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq istiqamətində mühüm addımlarından biridir. Sənəddə bir çox sahələrlə yanaşı, əmək hüquqlarının müdafiəsi, əməyin ödənilməsi və mühafizəsi istiqamətində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur”.
 
 
F.Əlizadə cari il iyulun 1-dən fəaliyyətə başlayan əmək müqaviləsi bildirişləri üzrə EİS-dən istifadə ilə bağlı işəgötürənlər arasında müvafiq təbliğat və təşviqat işlərinin aparılmasının bu sahədə səmərəli əməkdaşlıq müstəvisi olduğunu diqqətə çatdırıb: “Qısa müddətdə Azərbaycanda belə bir mütərəqqi sistem işə salınmaqla, əmək münasibətlərinin demək olar ki, böyük əksəriyyəti sistemdə elektron qeydiyyata götürülüb. Bu isə işçilərin və işəgötürənlərin qanunvericiliklə müəyyən olunan hüquqlarının təminatına, ümumən əmək bazarına  daha operativ və effektli dövlət nəzarətinin həyata keçirilməsinə imkan yaradıb. Hesab edirəm ki, vətəndaş cəmiyyətləri özlərinin təbliğat və təşviqat vasitələrindən istifadə etməklə bu prosesin uğurla davam etdirilməsinə öz töhfələrini verəcəklər”.  
 
 
 
Tədbirdə ayrı-ayrı QHT-lərin nümayəndələri fikirlərini bölüşərək, ƏƏSMN-in vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq səylərini yüksək dəyərləndiriblər . Onlar ölkəmizdə tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə EİS-in önəmli cəhətlərini qeyd edərək, bu sistemin işçilərin hüquqlarının təminatında ciddi dönüş mərhələsi açdığını, hər bir işəgötürənin bu islahat tədbirində fəal iştirakı üçün müvafiq dəstəyi göstərəcəklərini vurğulayıblar.  Seminar-treninqdə DƏMX-in mütəxəssisləri tərəfindən EİS, onun texniki infrastrukturu, sistemdən istifadə prosedurları və s. barədə məlumatlar verilib, əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadilələri aparılıb.
 
 
 
Həqiqət İSABALAYEVA




29/10/14    Çap et