Hər səkkizinci istifadəçi kibertəhdidlərə inanmır – araşdırma
“KasperskyLab” laboratoriyasının “B2B International*” şirkəti ilə birlikdə keçirdiyi sorğunun nəticələrinə görə, rəyi soruşulan internet istifadəçilərinin 12 faizi kiberhücumların reallığına inanmır. Onların fikrincə, təhlükə informasiya təhlükəsizliyi alətləri hazırlayan şirkətlər tərəfindən şişirdilir. Bu barədə “KasperskyLab” şirkətinin məlumatında deyilir.
Kibertəhdidlərin mövcudluğu barədə məlumatı olanlar da, heç də həmişə onlardan mühafizə olunmağı lazım bilmir. Məsələn, rəyi soruşulanların yalnız 22 faizi kibercinayətkarların qurbanı ola biləcəyini düşünür. İstifadəçilərin tam əksəriyyət isə fikirləşir ki, onların məlumatı cinayətkarlar üçün maraqlı deyil.
Eyni zamanda, kibercinayətkarlar üçün qurğu sahibinin hətta qiymətli informasiya saxlamadığı və internet vasitəsilə maliyyə köçürmələri etmədiyi istənilən istifadəçi qurğusu potensial maraq kəsb edə bilər. Bütün kompüter, smartfon və ya planşet cinayətkarlar tərəfindən spamın göndərilməsi, “DDoS” hücumun təşkili və ya messencer və elektron poçtlar vasitəsilə “fishing” linklərinin göndərilməsi üçün istifadə oluna bilər.
Bundan başqa, kibertəhdidlərə skeptik yanaşan istifadəçilərlə yanaşı, öz “rəqəmli həyatı”nın konkret aspektləri barədə narahat olmayan respondentlər kateqoriyası müəyyən edilib. Belə ki, respondentlərin 32 faizi öz onlayn hesablarına müdaxilədən və ya belə müdaxilələrin mümkün ola bilməsindən ehtiyat etmir. Bunlar təkcə sosial şəbəkələrdəki səhifələr yox, cinayətkara kiminsə pul kisəsinə çıxışa imkan yaradan şəxsi internet bankı da ola bilər.
Kiberhücumlar nəticəsində maliyyə itkiləri əksər istifadəçilər üçün az ehtimal edilən kimi görünür. Rəyi soruşulan istifadəçilərin 42 faizinin bu barədə ya ümumiyyətlə məlumatı yoxdur ya da narahat deyil. Lakin belə itkilər təkcə bilavasitə hesabdan pulun oğurlanması ilə əlaqədar olmur. Zərərli proqramlarla yoluxdurma da İT mütəxəssisin xidmətləri, proqram təminatının yenidən quraşdırılması və ya qurğudan istifadənin müvəqqəti qeyri-mümkün olması kimi gözlənilməz itkilərə səbəb ola bilər.
Araşdırmanın nəticələrinə görə, respondentlərin 20 faizi ictimai “Wi-Fi” bağlantılarından istifadənin təhlükəli olması və bu şəbəkə ilə göndərilən informasiyanın kibercinayətkarların əlinə keçə bilməsi barədə fikirləşmir. İstifadəçilərin 27 faizi bu təhlükə barədə məlumatlı olsa da, buna görə narahat olmağı lazım bilmir. Həmçinin rəyi soruşulan istifadəçilərin 55 faizi mühafizə edilməyən ictimai “Wi-Fi” bağlantılarından istifadə edir və 12 faizi belə şəbəkələrə qoşulu vəziyyətdə qalmaqla uçot məlumatlarını daxil edir, - "
IT Expert ” yazır.