Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Check Point”: “2015-ci ildə mobil qurğularda təhlükəsizlik insidentlərinin artımı gözlənilir”


“Check Point” şirkəti mobil təhlükəsizlik üzrə apardığı tədqiqatın nəticələrini dərc edib. Tədqiqata əsasən, rəyi soruşulan İT mütəxəssislərinin 95 faizi “BYOD” konsepsiyasının mühafizəsinin təmini və dəstəklənməsi zamanı çətinliklərlə üzləşir. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin 82 faizi 2015-ci ildə mobil qurğularda təhlükəsizlik insidentlərinin artacağını gözləyir.
 
Rəyi soruşulan peşəkarların 87 faizi əmindir ki, mobil qurğuların təhlükəsizliyi sahəsində ən böyük problem əməkdaşların işə laqeyd yanaşmasındadır. Belə ki, respondentlərin üçdə iki hissəsi bildirib ki, son böyük məlumat sızmaları əməkdaşların işə laqeyd münasibət göstərməsi ilə əlaqədardır.
 
Peşəkar İT mütəxəssislərinin 91 faizi son iki ildə təşkilatların şəbəkələrinə qoşulan şəxsi mobil qurğularının sayının artmasını deyib. 2014-cü ildə respondentlərin 56 faizi korporativ məlumatları əməkdaşların şəxsi qurğuları ilə idarə edib, halbuki 2013-cü ildə onların sayı 37 faizə bərabər olub.
 
“Android” mobil əməliyyat sistemi “Apple”, “Windows Mobile” və “Blackberry” ilə müqayisədə hələ də təhlükəsizlik risklərinin daha çox olduğu platforma hesab edilir. Cari ildə bu platforma üçün risklərin payı 2013-cü ildəki 49 faizdən 64 faizədək artıb.
 
Qeyd edək ki, “Bring Your Own Device” (BYOD) – ABŞ-da yüksək templərlə artan və şirkət əməkdaşlarının iş prosesində şəxsi mobil qurğularından istifadəni nəzərdə tutan yeni qlobal konsepsiyalı texnologiyadır, - "Computerworld” yazır.




31/10/14    Çap et