Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regional Rabitə Birliyi MDB ölkələrində İKT üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məsələləri müzakirə edəcək


Noyabrın 11-də Sankt-Peterburqda (Rusiya) Regional Rabitə Birliyinin MDB ölkələri üzrə ekspert şurasının 15-ci iclası keçiriləcək.    
   
"ICTnews" xəbər xidmətinin RRB-nin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata əsasən, iclasda informasiyalaşdırma və rabitə sahəsində qanunvericilik aktlarının işlənib hazırlanması məsələləri müzakirə olunacaq. Eyni zamanda,  iclasda "Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının istifadəsi", "Elektron hökumət", "Elektron sənədlərin transsərhəd informasiya mübadiləsi" haqda model qanunlarının layihələrinə baxılacaq.
 
Bununla yanaşı, "Xüsusi rabitə göndərişlərinin dövlətlərarası mübadiləsi" haqda model qanununun hazırlanması ilə bağlı məlumat və MDB ölkələrində informasiya təhlükəsizliyi sahəsində aktların, model qanunların tətbiqi, bu ölkələrdə   infokommunikasiya sisteminin monitorinqi, informasiya təhlükəsizliyi sahəsində milli qanunvericiliklərin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr təqdim ediləcək.
 
Bu iclasda Ekspert Şurasının təklifləri və MDB-də 2015-2019-cu illərdə model qanun yaradılması  üzrə perspektiv plana baxılacaq.
 
Aynur Vəliyeva




31/10/14    Çap et