Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqı kibertəhlükəsizlik üzrə genişmiqyaslı təlimlər keçirir


Oktyabrın 30-da Avropa İttifaqı (Aİ) tərəfindən kiberhücumların dəf edilməsinə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə təşkil edilən “Cyber Europe 2014” təlimlərində otuza yaxın Avropa ölkəsinin kibertəhlükəsizlik üzrə 200-dən çox təşkilatı və 400 mütəxəssisi iştirak edir.  
 
Avropa Komissiyasının məlumatına görə, dövlət və özəl təşkilatların, o cümlədən milli kibertəhlükəsizlik orqanlarının, nazirliklərin, telekommunikasiya və energetika şirkətlərinin, maliyyə müəssisələrinin ekspertləri və internet provayderlər miqyaslı kiberhücumların dəf edilməsinin prosedur və imkanlarını, təhlükəsizlik ssenarilərini yoxlayır.
 
“Kiberhücumların kəskinliyi və həcmi ildən-ilə artır. Dövlətlər ayrı-ayrılıqda fəaliyyət göstərsə və ya onların bir qismi əməkdaşlıq etsə, onların qarşısını almaq qeyri-mümkün olacaq. Mən şadam ki, Aİ və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələri Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyinin (ENISA) koordinasiyası ilə Aİ-nin alətləri ilə işləyir”, - Avropa Komissiyasının sədr müavini Neli Krus deyib.
 
Avropada təşkil edilən “Cyber Europe 2014” sahə üzrə ən böyük və mürəkkəb təlimdir. Təlimlər zamanı iki minə yaxın kiberinsidentin, o cümlədən energetika və ya telekommunikasiya sistemləri kimi əhəmiyyətli infrastrukturlara edilən hücumların təhlili aparılır. Həmçinin Aİ tərəfindən Baş İdarəetmə Mərkəzinin koordinasiyası ilə Avropada bir neçə mərkəzin iştirakı ilə qarşılıqlı fəaliyyət prosedurları yoxlanılır.   
 
“ENISA”-nın icraçı direktoru, professor Udo Helmbrehtin sözlərinə görə, beş il əvvəl Aİ üzvləri arasında kiberböhran hadisələri üçün qarşılıqlı fəaliyyət prosedurları olmayıb. Bu gün onlar artıq ittifaq səviyyəsində mövcuddur.
 
Agentliyin məlumatına görə, 2013-cü ildə internetdə qlobal hücumların sayı 2012-ci illə müqayisədə təxminən dörd dəfə, onların müdaxilə etdiyi məlumatların həcmi isə 61 faiz artıb. Hər səkkizinci bankın məlumat bazasına edilən böyük müdaxilə on milyon dollarla ziyan vurub. 552 milyon nəfərin fərdi məlumatları oğurlanıb. 2013-cü ildə kibercinayətkarlıq və elektron casusluq dünya sənayesinə 300 milyarddan 1 trilyon dollaradək ziyanla nəticələnib, - "Interfax” yazır. 




31/10/14    Çap et