Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” “Tor” təhlükəsiz şəbəkəsi vasitəsilə öz xidmətlərindən istifadəyə imkan verib


Dünyanın ən böyük “Facebook” sosial şəbəkəsi “Tor” təhlükəsiz şəbəkəsi vasitəsilə öz xidmətlərindən istifadəyə imkan verib. Bu haqda “Facebook”un rəsmi bloqunda yazılıb.

 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Tor” məlumatların ələ keçirilməsini və istifadəçilərin identifikasiyasını istisna edən anonim şəbəkə qoşulmasını təmin edir. Paylanmış server şəbəkəsinin hesabına trafikin anonimliyi əldə edilir. İstifadəçinin hər bir sorğusu üç təsadüfi serverdən keçir.
 
“Tor” layihəsinin əsas həlli olan “Onion” təhlükəsiz brauzerinin istifadəçiləri “https://facebookcorewwwi.onion” istinadı üzrə “Facebook” sosial şəbəkəsinə daxil ola bilərlər. “Facebook”un tərtibatçısı Alek Maffet deyib ki, “Tor” şəbəkəsinin istifadəçiləri lokal buferdən yan keçərək sosial şəbəkənin serverləri ilə birbaşa qarşılıqlı əlaqədə olacaqlar.
 
İstifadəçilər bundan əvvəl də “Facebook.com” saytına daxil olmaq üçün “Tor” şəbəkəsindən istifadə ediblər, ancaq bu halda onlar bir sıra problemlərlə üzləşiblər. Amma indi istifadəçilər “Tor” şəbəkəsindən istifadə etməklə “Facebook”da qeydiyyatdan keçə və öz hesabına daxil ola bilərlər.
 
Emil Hüseynov




01/11/14    Çap et