Cənubi Koreya şirkəti smartfon bazarındakı strategiyasına yenidən baxacaq
Cənubi Koreyanın “Samsung” şirkəti 2014-cü ilin üçüncü rübündə qeydə alınan zəif maliyyə göstəriciləri ilə əlaqədar olaraq smartfon bazarındakı strategiyasına yenidən baxacağını bəyan edib.
Bir neçə gün əvvəl şirkət rüblük hesabatı dərc edərək əməliyyat gəlirinin 60 faiz, xalis gəlirinin 49 faiz azalmasını açıqlayıb. “IDC” analitik şirkətinin dünya smartfon bazarının vəziyyətinə həsr olunan hesabatında da "Samsung” qurğularının satış həcminin azalması öz əksini tapıb. Cənubi Koreya istehsalçısı hazırda bazarda birinci yer tutmasına baxmayaraq mütləq və nisbi ifadədə “Samsung” qurğularının satışı xeyli azalıb.
Vəziyyətin belə olması şirkət rəhbərliyini qane etmədiyinə görə gəlirin artırılması üçün smartfon bazarındakı strategiyaya yenidən baxmaq qərara alınıb.
“Bizim bahalı smartfonlar üzrə nəticələrimiz bir qədər zəif olub. Biz məhsullar çeşidini yenidən qurmağı və bütün qiymətlər kateqoriyasında rəqabətqabiliyyətliliyi artırmaq niyyətindəyik”, - şirkətin mobil bölməsinin rəhbəri Kim Hen-Çjun deyib.
Qeyd olunur ki, söhbət müxtəlif qurğular üçün komponentlərin unifikasiyası və standartlaşdırmasından gedir ki, bu da istehsal xərclərini azaltmağa imkan verəcək. Bundan başqa, şirkət “Samsung” qurğularının çeşidini azaltmağı planlaşdırır.
Ekspertlərin fikrincə, yeni strategiya şirkətin ucuz və orta qiymət kateqoriyalı smartfonlar bazarında payının artırılmasına yönəldiləcək. Həmçinin istehsalçı elastik displeyli bahalı smartfonları inkişaf etdirmək niyyətindədir, - “
NEWSru” yazır.