Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın gömrük sahəsində yüksək texnoloji yenilikləri Rusiyada keçirilən beynəlxalq sərgidə nümayiş etdirilib


Azərbaycanın gömrük sahəsində yüksək texnoloji yenilikləri Moskva şəhərində "Eksposentr" mərkəzi sərgi kompleksində keçirilmiş XV Beynəlxalq "Gömrük xidməti-2014" sərgisində nümayiş etdirilib. Dövlət Gömrük Komitəsindən qeyd edilib ki, layihələrin əksəriyyəti Ümumdünya Gömrük Təşkilatının "Gömrük 21-ci əsrdə" tövsiyələrinə uyğun reallaşdırılıb. Daha əhəmiyyətli və maraqlı olan layihələr isə bunlardır:

"Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS)", "Bir pəncərə", "GPS-monitorinq", "Gömrük resurslarının planlaşdırılması (ERP)", "e-gömrük təşəbbüsü", "Operativ İdarəetmə Mərkəzi" və "Buraxılış vaxtının ölçülməsi". Hazırda "Buraxılış vaxtının ölçülməsi" layihəsinin reallaşdırılması davam edir. Bu layihə artıq İran İslam Respublikası ilə sərhəddə yerləşən "Biləsuvar" buraxılış məntəqəsində tətbiq edilir, yaxın aylarda isə Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" buraxılış məntəqəsində tətbiq olunacaq.
 
Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən keçirilən təqdimat nəqliyyat vasitəsinin və onun yükünün buraxılış vaxtının ölçülməsi mərhələləri ilə tanışlığı əks etdirib. Təqdimat zamanı, həmçinin layihənin artıq reallaşdırılmış "bir pəncərə" prinsipi əsasında sənədlərin hazırlanması və gömrük rəsmiləşdirilməsi, əməkdaşların mobil qurğular və "ağıllı" saatlar vasitəsilə əvvəlcədən məlumatlandırılması, yüklərin GPS-monitorinqi və rentgen müayinəsi kimi layihələrə inteqrasiyası nümayiş olunub.
 
 
 Stendin ziyarətçiləri "Buraxılış vaxtının ölçülməsi" layihəsinin işinin növbəti mərhələlərini (posta daxil olmaq, "bir pəncərə", baxış, yükün skanlaşdırılması və çıxış) görə biliblər. Nümayiş zamanı buraxılışın vaxtına dair statistika göstərilib, eləcə də layihənin Azərbaycan Respublikasının bütün buraxılış məntəqələrində tətbiqi planı diqqətə çatdırılıb. Ekspozisiyada narkomaniya ilə mübarizəyə həsr olunmuş "Əvvələ qayıdış" sənədli filminin DVD diski də yer alıb. Daha bir CD-disk - "One day" ("Bir gün") mahnısı da narkomaniya ilə mübarizəyə həsr olunub.
 
 
Xatırladaq ki, sərgi ənənəvi olaraq Rusiya Federasiyasının Gömrükçü Günü ərəfəsində keçirilir. Bu il sərgiyə Belarus, Qazaxıstan, Çin, Latviya, Litva, Finlandiya, Estoniya və digər ölkələrin gömrük xidmətlərinin nümayəndələri qatılıb.
 
Ümumilikdə, sərgiyə yüzdən çox eksponent cəlb edilib.
 
 
 
Həqiqət İSABALAYEVA




01/11/14    Çap et