Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda son bir ayda “*.az” domenlərinin sayı digər domenlərin xeyrinə azalıb


Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 23235 domen təşkil edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ilin əvvəlindən bu günədək 6926 domen qeydiyyatdan keçirilib, 4695 domen isə ləğv edilib.
 
Beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 2231 domen təşkil edib.
 
Hazırda Azərbaycanda 21450 “*.az”, 982 “*.com.az”, 191“*.edu.az”, 134 “*.org.az”, 73 “*.net.az”, 76 “*.co.az”, 41 “*.int.az”, 63 “*.info.az”, 35 “*.pp.az”, 24 “*.biz.az”, 13 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 3 domen adı qeydə alınıb “GENCE.AZ”, “SHEKI.AZ”, “GANJA.AZ”.
 
Son bir ayda “*.az” domenlərinin sayı əsasən “*.com.az”, “*.edu.az”, “*.org.az” və digər kiçik domenlərin xeyrinə əhəmiyyətli dərəcədə azalıb, ümumilikdə isə son bir ayda domenlərin xalis artımı 82 domen adı təşkil edib.
 
Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub.
 
Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib.
 
Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb, bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.
 
Aynur Vəliyeva
 




01/11/14    Çap et