Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan poçt göndərişləri sahəsində təhlükəsizliyi tam şəkildə təmin edir


Azərbaycan "Ebola" virusu ilə mübarizə çərçivəsində müəyyən qaydalara uyğun nəzarət həyata keçirməklə poçt göndərişləri sahəsində təhlükəsizliyi tam şəkildə təmin edir. Bu barədə jurnalistlərə Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan "Ebola" virusu ilə mübarizə üçün İKT-nin üstünlüklərindən istifadə imkanlarını nəzərdən keçirməyə hazırdır: "İnformasiya texnologiyalarının üstünlüklərindən faydalanmağın mümkün olacağı digər istiqamətlər ortaya çıxarsa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilk növbədə zəruri tədbirlərin görülməsi üçün bütün imkanları araşdıracaq”.

"Ebola" virusu ilə mübarizədə İKT-nin effektivliyi məsələsinə bu günlərdə Cənubi Koreyanın Pusan şəhərində keçirilən konfrans çərçivəsində də toxunulub. Azərbaycanı konfransda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təmsil edib.

Konfransda Beynəlxalq Telekommunikasiyalar İttifaqı (ITU), Operatorlar Assosiasiyası GSMА və İnternet Cəmiyyəti (ISOC) Ebola virusuna qarşı səylərini birləşdirdiklərini elan ediblər.

İTU rəhbərliyi səlahiyyətli konfransın gedişində Ebola virusu ilə mübarizədə İKT-dən daha effektiv istifadə barədə tövsiyələrini hazırlamaq üçün xüsusi iclas çağırıb. Məsələ bilavasitə tənzimləmə sahəsində maneələrin aradan qaldırılmasını təmin etmək və insanların həyatının xilas edilməsi məqsədi ilə rabitə sahəsində proqramlardan istifadəyə kömək etməkdən ibarətdir.
 




06/11/14    Çap et