Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ilin üçüncü rübündə qlobal çip bazarında gəlir 87 milyard dollara çatıb
Yarımkeçiricilər Sənayesi Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin iyul-sentyabr aylarında qlobal yarımkeçiricilər bazarında gəlir 87 milyard ABŞ dollarına çatıb ki, bu da ötən rüblə müqayisədə 5,7% yüksəkdir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqat materialına əsasən, yalnız sentyabrda çip istehsalçıları 29 milyard dollar məbləğində məhsul satıblar. Müqayisə üçün, bir il əvvəl müvafiq ayda satış həcmi 26,9 milyard dollar, cari ilin avqustunda isə 28,5 milyard dollar olub, yəni göstəricilər müvafiq olaraq 8% və 1,9% artıb.
"Üçüncü rübdə qlobal çip satışı inamla artaraq ötənilki nəticələri qabaqlayıb" – “SIA”-nın prezidenti və icraçı direktor Brayan Tuxi deyib və əlavə edib ki, ayın nəticəsinə görə gəlir artımı artıq yeddinci dəfə ardıcıl qeydə alınır.
Emil Hüseynov
06/11/14 Çap et