Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil elektron imza ilə təhlükəsiz internet bankçılıq


İnformasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin həyatına nə qədər çoxsaylı və rəngarəng üstünlüklər gətirsə də, bəzən bu inkişafdan müxtəlif sahələrdə sui-istifadə edənlər də tapılır. Son illər bu cür mənfi hallar xüsusən də şəxsi məlumatların toxunulmazlığı və təhlükəsizliyi tələb edilən sahələrdə (maliyyə, bankçılıq və s.) qeydə alınmaqdadır.

Bu gün dünyada bu kimi halların monitorinqi üzrə müxtəlif araşdırmalar aparılır və hesabatlar hazırlanır. Belə ki, Rusiyanın “Kasperski Laboratoriyası” (Лаборатория Касперского) şirkəti və İNTERPOL tərəfindən birgə hazırlanmış “Mobil kibertəhdidlər” adlı araşdırmada qeyd olunur ki, 2013-cü ilin avqust ayının əvvəlindən 2014-cü ilin sentyabr ayının əvvəlinədək olan dövrdə Azərbaycanda olan istifadəçilərin 0,41%-i "Trojan-Banker" adlı zərərli mobil proqram təminatının hücumuna məruz qalıb. Sənəddə vurğulanır ki, hesabat dövrü ərzində Azərbaycan "Trojan-Banker"lə yoluxma riskinin ən böyük olduğu 10 ölkə sırasında 9-cu yerdə qərarlaşıb. Bu onluğa 89,24-0,34% arasında göstəricilərlə Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Litva, Bolqarıstan, ABŞ, Almaniya, Azərbaycan və İtaliya daxil edilib.

Qeyd edilən dövr ərzində "Trojan-Banker" ailəsinə daxil olan zərərli proqramların vasitəsilə cəmi 67,5 min hücum qeydə alınıb. Hücumlar əsasən onlayn bankçılıq sistemlərinə daxil olmaq üçün zəruri olan məlumatların oğurlanması məqsədi daşıyıb və başlıca olaraq “Android” mobil platformasına yönəldilib. Ümumilikdə, 37,7 min istifadəçi bu hücumlara məruz qalıb. Araşdırılan dövr ərzində mobil bank troyanlarının müxtəlif modifikasiyalarının sayı 2013-cü ilin avqust ayında qeydə alınan 423 növdən 2014-cü ilin iyul ayına olan 5967 növədək artmışdır ki, bu da 14 dəfədən çox artım deməkdir.


ABŞ-ın “Javelin Strategy & Research” araşdırma şirkəti özünün “2014 Identity Fraud Study[1] adlı hesabatında qeyd edir ki, 2013-cü ildə 13,1 mln. ABŞ vətəndaşı elektron mühitdə öz şəxsi məlumatlarının oğurlanması faktı ilə üzləşib ki, bu da 2012-ci ildə qeydə alınan eyni göstəricini 500 000 üstələyir.


Görünən budur ki, qloballaşan dünyada mütərəqqi İT həllərin ənənəvi maliyyə/bankçılıq sahəsinə inteqrasiyası bu zaman meydana çıxa biləcək arzuolunmaz sui-istifadə hallarının qarşısının alınmasını da zəruri edir. Hazırda dünyada şəxsi rəqəmsal məlumatların təhlükəsizliyini ən yüksək səviyyədə təmin edən və bir çox fəaliyyət sahələri ilə yanaşı, maliyyə sahəsinin də xidmətində olan qabaqcıl texnoloji həll kimi elektron mühitdə şəxsi identifikasiya və imzalama funksiyalarını yerinə yetirən mobil imza texnologiyası mövcuddur. Əlamətdar haldır ki, Azərbaycanda da bu texnoloji nailiyyət tətbiq edilib və artıq bir ildən çoxdur ki, ölkədə “Asan İmza” mobil elektron imza xidməti uğurla fəaliyyət göstərir. Bu xidmətin başlıca üstünlüyü ondan ibarətdir ki, elektron mühitdə şəxsin identifikasiyası və imzalama əməliyyatı heç bir əlavə qurğuya (smart-kart oxuyucusu və smart-kart) və proqram təminatına ehtiyac olmadan, sadəcə mobil telefon vasitəsilə həyata keçirilə bilir. Bu əməliyyatlar üçün tələb olunan avtorizasiya və imzalama rəqəmsal açarları hər hansı kənar mənbədə deyil, istifadəçinin mobil telefonunda olan SİM-kartda yerləşir və yalnız istifadəçinin özünə bəlli olur. Bu da, öz növbəsində, istifadəçiyə onlayn bankçılıq və ya digər elektron xidmətlərdən yararlanmaq istədiyi zaman ən yüksək təhlükəsizlik imkanları təqdim edir.
Bu mənada “Asan İmza”nın təqdim etdiyi üstünlüklərə bu gün ölkənin bank sektoru da biganə qalmır və artıq aparıcı yerli banklar bu xidmətə qoşularaq öz müştərilərinə təhlükəsiz və asan İnternet bank xidmətləri göstərirlər. Müştərilərin isə bundan qazancı odur ki, banka getmədən, mobil telefon vasitəsilə İnternet üzərindən elektron bank xidmətlərindən rahatlıqla faydalana bilirlər. 

Hazırda Azərbaycanın “Asan İmza” mobil elektron imzası dünyada mövcud olan analoqları ilə müqayisədə texnoloji və təhlükəsizlik baxımından ən təkmil mobil imzadır. Azərbaycanın innovativ brendi olan “Asan İmza” elektron xidmətlərdən istifadəni maksimum sadələşdirməklə yanaşı, şəxsi rəqəmsal məlumatların ən güvənli və etibarlı səviyyədə qorunmasını təmin edir.

RƏVAN
 

 
 





06/11/14    Çap et