Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“CESnet” ilə “AzScienceNet” arasında birgə əməkdaşlıq üçün memorandum imzalanacaq


Çex Milli Elm və Təhsil Kompüter Şəbəkəsi (CESnet - Czech National Research and Education Network) ilə Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarını zəruri müasir şəbəkə xidmətləri ilə təmin edən “AzScienceNet” Elm-kompüter şəbəkəsi arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq. İmzalanma barədə razılıq AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) mütəxəssislərinin Çex Respublikasına səfəri çərçivəsində keçirdikləri görüşlərdə əldə olunub.
 
Görüşlərdə “CESnet” və “AzScienceNet” oxşar layihələr həyata keçirdiklərindən iki qurum arasında əməkdaşlıq perspektivlərinin yüksək potensiala malik olduğu, həmçinin müvafiq sahələrdə birgə layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün əhəmiyyətli olduğu vurğulanıb.
 
 İTİ-dən verilən məlumata görə, Prezident yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən qrant layihələri çərçivəsində baş tutmuş səfərdə institutun şöbə müdirləri - texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev iştirak ediblər. Səfər Çex Milli Elm və Təhsil Kompüter Şəbəkəsinin infrastrukturu, şəbəkə xidmətləri və elmi tədqiqat fəaliyyəti ilə tanışlıq məqsədini daşıyıb.
 
 
“CESnet”-in direktoru professor İan Qruntorad ilə görüşdə R.Alıquliyev və Y.İmamverdiyev İTİ-nin əsas fəaliyyət istiqamətləri, o cümlədən “AzScienceNet” şəbəkəsində istifadəçilərə göstərilən xidmətlər (hosting, elektron poçt, elektron kitabxana, distant təhsil, kloud kompyutinq, AzScienceCERT, eduroam və s.) haqqında məlumatları diqqətə çatdırıblar.
 
Professor İ. Qruntorad hələ 1990-cı illərdə elm kompüter şəbəkələri ilə əlaqədar Bakıya səfərini xatırlayaraq, hazırda “AzScienceNet”-də görülən işlərin onda böyük təəssürat və maraq oyatdığını vurğulayıb. İnstitutun əməkdaşları qurumda yerinə yetirilən qrant layihələri, o cümlədən elmi tədqiqatlarda plagiatlığın aşkarlanması və səs üzrə biometrik texnologiyalar ilə bağlı görülən işlərdən də danışıblar.
 
 
Daha sonra institutun əməkdaşları “CESnet”-in şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi departamentinin rəhbəri Dr. Tom Kosnar və digər bölmələrin əməkdaşları ilə görüşüblər. Onlara sözügedən şəbəkənin əsas fəaliyyət istiqamətləri, şəbəkə infrastrukturu, istifadəçilərə göstərilən xidmətlər, aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.
 
Bildirilib ki, “CESnet”
ümumavropa GEANT şəbəkəsinin səhmdarı və qurucularından biridir və bir sıra regional infrastruktur layihələrində yaxından iştirak edir. 150-dən artıq əməkdaşın fəaliyyət göstərdiyi şəbəkədə praktiki işlərlə yanaşı, müxtəlif istiqamətlərdə, o cümlədən, optik şəbəkələrin qurulması texnologiyaları, yüksək məhsuldarlıqlı hesablamalar, “kloud kompyutinq” və informasiya təhlükəsizliyi üzrə elmi araşdırmalar da aparılır. Həmçinin “CESnüt”-in ölkə üzrə infrastrukturunun genişləndirilməsi ilə bağlı tədbirlər görülür.
 
 
Həqiqət İSABALAYEVA




06/11/14    Çap et