“IBM Watson” superkompüteri yeni neft yataqlarının axtarışı ilə məşğul olacaq
“IBM” şirkəti İspaniya və Cənubi Amerikanın nəhəng "Repsol” neft-qaz şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Sazişə görə, “Repsol”un 43 minlik əməkdaşları sırasına “IBM Watson” superkompüteri əlavə olunub.
Neftçilər üçün məsləhətçi və analitik rolunda çıxış edəcək məşhur superkompüterin vəzifəsi böyük həcmli informasiyanı – geoloji hesabat və elmi tədqiqatları, jurnal məqalələrini, kompüter modellərini, seysmik və geoloji məlumatları emal etməkdir. Adətən bu informasiyanın emalı ilə mühəndislər məşğul olur və proses çox uzun çəkir.
“IBM Watson” öz süni intellekti sayəsində informasiyanı təhlil etməyə və yeni neft-qaz yataqlarının mümkün koordinatlarını müəyyənləşdirməyə çalışacaq.
“IBM Cognitive Environments Lab” (CEL) bölməsinin əməkdaşları bu vəzifənin icrası üçün proqramlar layihələndirəcəklər. “Repsol” şirkəti “IBM Watson” üçün iki xüsusiləşdirilmiş proqramın hazırlanmasına 15-20 milyon dollar yatırmağı planlaşdırır. Birinci proqram yataqların axtarışı ilə məşğul olacaq, ikincisi bazarda alış üçün cəlbedici aktivləri proqnozlaşdıracaq.
Məlumat üçün qeyd edək ki, “Watson” 2011-ci ildə “Jeopardy!” televiziya viktorinasında qalib olandan sonra məşhurlaşmağa başlayıb. O vaxtdan superkompüterə kommersiya təşkilatları maraq göstərir. Məsələn, 2012-ci ildə ondan ABŞ-ın bir neçə klinikasında müxtəlif xəstəliklərin müalicəsinə tövsiyələr verməsi üçün virtual diaqnost kimi istifadə edilib.
Bundan başqa, superkompüter Los-Ancelesin Sidars-Sinay tibb mərkəzi ilə əməkdaşlıq edərək onkoloji xəstəliklərlə bağlı məlumatlar verib. “Watson” həmçinin “Citigroup” şirkətində və çağırış mərkəzlərində tətbiq edilərək orada maliyyə məsləhətçisi rolunda (səhmlərin müstəqil şəkildə satılması istisna olmaqla) çıxış edib: kompüter bank müştərilərinə pensiya və əmanət yığımlarının incəliklərini, mobil rabitə operatorlarının müştərilərinə isə xidmətə neçə qoşulmağı və ya hesabı necə ödəməyi izah edib.
“IBM” mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2 800 nüvə üzərində işləyən “Watson” prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.
Superkompüterin ən mürəkkəb proqramlarından biri adi dildə daxil edilən sualları emal edən “DeepQA” proqramıdır. Məhz insan cümləsinin başa düşülməsi “Watson”u yalnız əsas sözlərə cavab kimi nəticələr göstərən adi axtarış sistemindən fərqləndirir, - “
Xaker” yazır.