Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elm festivalı” çərçivəsində Yüksək Texnologiyalar Parkı ilə tanışlıq keçirilib
Bu gün Bakıda “Elm festivalı” çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı - “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq məqsədi ilə tədbir keçirilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində Yüksək Texnologiyalar Parkının direktor müavini Cabbar Musayev "Bakı Elm Festivalı-2014"-ün direktoru Nuridə Quliyevaya bu mötəbər tədbirin uğurla baş tutmasında müvəffəqiyyətlər arzulayıb.
“Yüksək Texnologiyalar Parkının pilot layihəsi çərçivəsində Biznes inkubasiya mərkəzi yaradılıb və 2015-ci ildən etibarən artıq Pirallahı rayonunda ayrılmış 50 hektar torpaq sahəsində Yüksək Texnologiyalar Parkının inşasının birinci mərhələsi həyata keçiriləcək. Hazırda həmin ərazinin tikintiyə yararlı vəziyyətə gətirilməsi istiqamətində işlər görülməkdədir. Bu texnoloji şəhərcikdə administrativ binalar, elmi araşdırma və tədris mərkəzləri, biznes inkubasiya mərkəzi, rezidentlər üçün ofislər, informasiya mərkəzi, sosial məkanlar, sərgi mərkəzi, kitabxana və digər obyektlərdən ibarət orqanik bir infrastrukturun inşası nəzərdə tutulub”, - deyə Cabbar Musayev bildirib.
Öz növbəsində N. Quliyeva noyabrın 10-11-də Bakıda keçiriləcək Elm Festivalına Azərbaycanın və xarici ölkələrin elmi dairələrində böyük marağın müşahidə olunduğunu qeyd edib.
“Tədbir ölkənin müxtəlif yerlərində, o cümlədən “Akademiya şəhərciyi”nin həyətində, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, Geologiya və geofizika, Fizika və Ədəbiyyat institutlarında keçiriləcək. Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və başqa təhsil müəssisələrində və s. festivalın proqramları izləniləcək. Ümumilikdə 12-dək məkanda 80-ə yaxın elmi məruzə təqdim ediləcək. Artıq ölkə regionlarından da tədbirə maraq göstərilir. Şəki, Gəncə, Naxçıvan, Lənkəran və digər regionlardan tədbirdə iştirak ilə bağlı müraciətlər daxil olub. Biz deyə bilərik ki, Azərbaycan cəmiyyəti və elm işçiləri ölkə prezidentinin neft potensialının insan kapitalına çevrilməsi ilə bağlı planlarını reallaşdırmağa hazırdır”, - deyə o bildirib.
Sonda tədbir iştirakçıları YTP-də işləyən startapçılarla, texnoloji şirkətlərlə, inkubasiya mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Aynur Vəliyeva
07/11/14 Çap et