Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da “Ebola” ilə mübarizəyə kömək üçün düymə istifadəyə verilib


Dünyanın ən böyük “Facebook” sosial şəbəkəsi “Ebola” virusu ilə mübarizə aparan xeyriyyə təşkilatlarına yardım düyməsini nümayiş etdirib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, xəstəliklə mübarizəni dəstəkləmək təklifi və Beynəlxalq Qırmızı Xaç, Beynəlxalq Tibb Mərkəzi və “Save the Children” təşkilatına yardım düyməsi istifadəçilərin xəbər lentinin yuxarı hissəsində yerləşəcək. Funksiya bir həftə ərzində istifadəçilərə əlçatan olacaq.
 
“Facebook”, həmçinin “Ebola” virusu yayılmış ölkələrdə insanlar üçün YUNİCEF təşkilatının tövsiyəsini reklam elanları şəklində pulsuz yerləşdirəcək. Bundan başqa, şirkət Qvineya, Liberiya və Sierra Leonedə yerləşən tibb və xeyriyyə təşkilatlarına internet və səsli rabitəyə çıxış üçün 100 peyk nöqtəsi təqdim edəcək. “Facebook” nümayəndələri bildiriblər ki, bu addım tibb işçilərinə və xəstələrə ucqar regionlarda yaxınları ilə əlaqə saxlamağa imkan verəcək.
 
Xatırladaq ki, “Facebook”un direktoru Mark Zukerberq bundan əvvəl xəstəliklə mübarizəyə 25 milyon dollar kömək edib.
 
“Ebola” virusu 2014-cü ilin fevralında Qvineyada qeydə alınıb, bundan sonra virus Afrikanın Sierra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqal Demokratik Respublikası kimi ölkələrində yayılıb. ABŞ və Avropada da virusa yoluxma halları qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Ebola” virusundan 8 ölkədə 4951 insan dünyasını dəyişib. Ümumilikdə 13567 virusa yoluxma halı qeydə alınıb.
 
 
Emil Hüseynov




07/11/14    Çap et