Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakı Elm Festivalı - 2014”-də yeni elmi texnologiya və innovativ nailiyyətlər təqdim olunacaq
Noyabr ayının 10-da və 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Bakı Elm Festivalı - 2014” keçiriləcək.
Tədbirin açılış mərasimi noyabrın 10-da saat 10:30-da AMEA-nın Əsas binasının Dairəvi zalında (Ünvan: Bakı şəhəri, H.Cavid küç., 115, AMEA-nın Əsas binasının Dairəvi zalı) keçiriləcək. Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.
Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq.
Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.
Festivalda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər nazirliklərdən rəsmi qonaqlar iştirak edəcəklər. Tədbirin sponsorları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell Telecom”dur.
Təşkilat Komitəsindən bildirilib ki, tədbir KİV nümayəndələrinə açıqdır.
Həqiqət İSABALAYEVA
08/11/14 Çap et