Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICANN” yeni təşkilat yaradıb


“Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası, Ümumdünya İqtisadi Forumu və Braziliya İnternet İdarəçilik Agentliyi “NetMundial Initiative” adlı yeni təşkilat yaradıb.
 
Məlumata görə, “NetMundial Initiative” təşkilatının idarəetmə orqanına beş daimi üzv - təşkilat təsisçiləri “ICANN”, “CGI.br” (Braziliyanın internetin fəaliyyətini təmin edən idarəedici komitəsi) və Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) daxil olacaq.
 
İdarəetmə orqanında daha iki yerə İnternet İdarəçilik Forumu (Internet Governance Forum, IGF) və tərkibi hazırda dəqiq məlum olmayan internet təşkilatları koalisiyası sahib çıxacaq.
Daha iyirmi üzv təşkilatçılar tərəfindən coğrafi prinsip və internetdə fəaliyyət seqmenti (təhsil, hökumət, işgüzar, vətəndaş cəmiyyəti təşkilatlarına üzvlük) üzrə seçiləcək.
 
Bundan başqa, üç təsisçi təşkilat tərəfindən yeni orqanda katiblik yaradılıb. Lakin katibliyin işinə kimin cəlb edilməsi, onun üzvlərinin hansı qaydada seçilməsi və ümumilikdə rolunun nədən ibarət olması barədə məlumat verilmir.
 
“ICANN” rəhbəri Fadi Şehadinin sözlərinə görə, təşkilat və onun resursları kibertəhlükəsizlik problemləri, xüsusilə internetdə uşaqların qorunması məsələləri ilə məşğul olacaq.
 
“ICANN”-ın sırf texnoloji təşkilat olduğu halda hansı səbəbə görə qeyri-texniki məsələlərlə məşğul olacaq təşkilatda daimi iştirakçı statusuna sahib çıxması ilə bağlı sualı cavablandıran F.Şehadi bildirib ki, bu, məhz təşkilatın texniki rolunun olduğu kimi qalmasını göstərmək üçün edilib.
 
Jurnalistlərin “ICANN” nümayəndələrinə və onun tərəfdaşlarına layihəyə nə qədər vəsaitin yatırılacağı ilə bağlı sualları cavablandırılmayıb.
 
“The Register” nəşri “ICANN”-ın internet üzərində nəzarətə təsir etməyə cəhd göstərən bütün beynəlxalq təşəbbüslərə müdaxilə etməsinə çalışmasını qeyd edir. “NetMundial Initiative” təşkilatının yaradılması korporasiyanın internet üzərində idarəçilik üzrə aparılan dövlətlərarası danışıqların arxasında manipulyasiya etməsini göstərən növbəti haldır, - "CNews” yazır.




08/11/14    Çap et